REGİONLAR


Media nümayəndələri Qubada İcma əsaslı Uşaq Təhsil mərkəzlərinin fəaliyyəti ilə tanış olublar VİDEO

Quba, 13 fevral, Elxan Yusifli, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən fevralın 13-də Quba rayonuna mediatur keçirilib. Mediaturda 30-dək KİV nümayəndəsi iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaqlar şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi əsasında həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən mərkəzdə məşğələlərə 22 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Layihəyə uyğun olaraq, mərkəzdə dərslər hər biri 2-2,5 saat olmaqla, həftədə 4 dəfə təşkil edilir. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında keçirilir.

Mediatur iştirakçıları mərkəzdə keçirilən məşğələləri, həmçinin müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan və həvəsləndirmə tədbirləri çərçivəsində burada çalışan müəllimlərin dərslərini izləyiblər.

Məlumat verilib ki, Qəçrəş kənd tam orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında tikilib. Hazırda məktəbdə təhsil alan 409 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər pedaqoji işçi məşğul olur. Məktəbəhazırlıq qruplarında isə 36 uşaq təhsil alır.

Daha sonra qonaqlar 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdəki məşğələlərə 20 nəfər 3-4 yaşlı uşaq cəlb edilib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların dörd inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

Bildirilib ki, 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəb 1964-cü ildə yaradılıb, 2012-ci ildə məktəb üçün yeni bina tikilib. Hazırda məktəbdə 334 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur.

Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil mərkəzləri 10 bölgəni - Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarını əhatə edir. Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla, ümumilikdə, 50 İcma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyət göstərir. Hər mərkəzdə orta hesabla 20 nəfər (3-4 yaş) olmaqla, ümumilikdə, 1000-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.