ORDU
Media nümayəndələrinə artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi nümayiş etdirilib VİDEO
Cəbrayıl, 7 aprel, Kənan Aydın, AZƏRTAC
Dünyada qalib ordular sırasına adını yazan Azərbaycan Ordusu öz ayıq-sayıqlığını, gücünü, qüdrətini daim artırmaq üçün təlim-məşq proseslərini bu gün də davam etdirir. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə aprelin 6-da işğaldan azad edilmiş ərazilərdə baş tutan media-turda artilleriya bölmələrinin növbəti nümunəvi döyüş hazırlığı məşğələsi də nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, məşq zamanı artilleriya bölmələrinin hərəkəti və hədəfin müəyyən edilməsi tapşırıqları həyata keçirilib.
Azərbaycan Ordusunun zabit Valeh Bədrəddinli bildirib ki, 2023-cü ilin döyüş hazırlıqlarına uyğun olaraq artilleriya bölmələri ilə ərazidə kompleks məşğələlər keçirilir. “Bu zaman batareyalar həyəcan siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrini tərk edir və döyüş təyinatlı rayonlara çıxarılırlar. Burada artilleriya bölmələri atəş mövqelərində öz işlərini icra edirlər. Hazırda durduğumuz yer batareyanın müşahidə məntəqəsidir. Burada biz Aprel döyüşlərində, Vətən müharibəsində əldə etdiyimiz nəticələrə, qazandığımız təcrübələrə əsaslanaraq ümumqoşun bölmələri ilə qarşılıqlı fəaliyyətdə atəş tapşırıqlarının icrasını məşq etdiririk”, - deyə V.Bədrəddinli sözlərinə əlavə edib.
Əsgər, baş tuşlayıcı Həsənəli Əliyev isə deyib ki, mütəmadi olaraq dərslərdə, kompleks məşğələlərdə, təlimat-atış çalışmalarında iştirak edirlər. Belə təlim-atış çalışmaları, kompleks məşğələlər bölmələrin döyüş qabiliyyətinin artırılmasına xidmət edir. Doqquz aydır hərbi xidmətdə olduğunu söyləyən əsgər bu müddət ərzində bir çox təlim-atış çalışmalarında, məşğələlərdə iştirak etdiyini qeyd edib. O, bir əsgər kimi bu məşğələlərdə təcrübə qazandıqca, özünü daha qürurlu və məsuliyyətli hiss etdiyini vurğulayıb.
“2020-ci ildə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində bütün dünyaya və düşmənə Azərbaycan əsgərinin gücünü, rəşadətini göstərdi. Növbəti missiyamız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordu adını daha da möhkəmləndirməkdir. Mənfur düşmənlərimiz daim bizi izləyir. Onlara bildirmək istəyirəm ki, Azərbaycan əsgəri, ordusu daim Vətənin keşiyində məğrur və rəşadətlə dayanıb. Hər kəs bilsin ki, Azərbaycan əsgəri məğlubedilməzdir, qalibdir. Mən qalib ordunun əsgəri kimi bildirirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə istənilən tapşırığı yerinə yetirməyə hazırıq. Çünki biz qalib ordunun qalib ruhlu əsgərləriyik”, - deyə Həsənəli Əliyev bildirib.
Qeyd edək ki, hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunmuş ərazilərdə xidmət etməkdən qürur duyduqlarını söyləyiblər.