REGİONLAR
Media seçki prosesini obyektiv və yüksək peşəkarlıqla işıqlandırmalıdır VİDEO
İsmayıllı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan müstəqillik dövründə həyatın bütün sahələrində böyük uğurlar qazanıb, dünya birliyində özünəməxsus yer tutub. Belə bir şəraitdə vətəndaşların dövlət quruculuğu prosesində, ictimai-mənəvi həyatda fəal iştirakı xüsusi önəm daşıyır. Müasir dövrdə ideya-siyasi təbliğat işlərinin yüksək səviyyədə aparılması da olduqca vacibdir. Bu baxımdan təbliğat işlərində mühüm rol oynayan media nümayəndələrinin, o cümlədən gənc jurnalistlərin üzərinə böyük vəzifələr düşür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 29-da İsmayıllıda rayon icra hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Gənc Politoloqlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” adlı elmi-praktik konfransda səsləndirilib. Konfransda Bakı şəhərindən və regionlardan 30 nəfər jurnalist iştirak edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Azərbaycanın son illərdə qazandığı nailiyyətlərdən, iqtisadi inkişafdan, bölgələrdə görülən işlərdən, uğurla reallaşdırılan sosial layihələrdən danışıb. O, qarşıdan gələn parlament seçkilərini ölkə həyatında mühüm siyasi hadisə kimi dəyərləndirərək, bu prosesin işıqlandırılmasında KİV-in üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev “2015-ci il noyabrın 1-də keçiriləcək parlament seçkiləri və seçki prosesinin işıqlandırılması” mövzusundakı çıxışında ölkənin demokratikləşməsində seçkilərin mühüm rol oynadığını bildirib, medianın parlament seçkisinin işıqlandırılması prosesindən kənarda qalmamasının zəruriliyini vurğulayıb. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasından, dövlətin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan da danışan Q.Əliyev qeyd edib ki, jurnalistlər ictimai-siyasi prosesləri yüksək peşəkarlıqla işıqlandırmalıdırlar. Onlar seçki prosesi ilə bağlı materiallar hazırlayarkən diqqətli olmalı, faktların dəqiqliyinə xüsusi fikir verməlidirlər.
Sonra bir sıra media orqanlarının nümayəndələri jurnalist peşəkarlığının artırılması, seçki prosesinin obyektiv işıqlandırılması, gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanması və digər mövzulardan bəhs ediblər. Həmçinin medianın aktual problemləri ətrafında fikir mübadiləsi aparıblar.
Sonda elmi-praktik konfransda iştirak edən jurnalistlərə sertifikatlar paylanılıb.
Konfrans iştirakçıları oktyabrın 30-da İvanovka və Lahıc qəsəbəsində də olacaqlar.