REGİONLAR
Media və QHT rəhbərləri, blogerlər Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar FOTO VİDEO
Ağdam, 13 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər. Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ağdamın Baş Qərvənd kəndinin ərazisində yerləşən Bərdə-Ağdam dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanışlıq olub.
Minatəmizləmə əməliyyatları ilə tanışlıq zamanı Minatəmizləmə Agentliyinin nümayəndəsi İdris İsmayılov məlumat verib ki, bir aydan çoxdur bu ərazidə Ermənistan ordusunun basdırdığı minaların təmizlənməsi əməliyyatları aparılır. Bu günədək 37 min 400 kvdartmetr ərazi yoxlanılıb və tank əleyhinə 35 mina, piyada əleyhinə 41 mina, 2 ədəd partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib. Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.
Daha sonra səfər iştirakçıları ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Səfər davam edir.