SİYASƏT


“Media və mənəvi dəyərlər” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Bakıda “Media və mənəvi dəyərlər” mövzusunda konfrans və eyniadlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mətbuat nümayəndələri, qəzet redaktorları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfransda çıxış edərək Fondun gördüyü işlər və müsabiqənin əhəmiyyəti barəsində danışıb. Bildirib ki, mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli ideologiyamız, tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz, ədəbiyyatımız, dahi şəxsiyyətlərimiz, musiqimiz, muğamlarımız, folklorumuz milli-mənəvi dəyərlərimizdir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyev Fondla mətbuatın birgə əməkdaşlığından danışıb və mətbuatın ictimai fikirdə, cəmiyyətdə oynadığı roldan bəhs edib. Bildirib ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılıq ideologiyasının təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür.

Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış yazılara böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir.

Sonda qaliblərin mükafatlandırılması mərasimi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.