İQTİSADİYYAT


“Media və vergi” mövzusunda təlimlərə yekun vurulub

Bakı, 27 may, AZƏRTAC 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün "Media və vergi" mövzusunda keçirilən təlimlər başa çatıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi gənc jurnalistlərin vergi sistemi haqqında ilkin biliklərə yiyələnməsini stimullaşdırmaq, vergi mövzusunda xəbər, təhlil və araşdırmaların kütləvi informasiya vasitələrində daha keyfiyyətli və düzgün işıqlandırılmasını dəstəkləməkdir. Təlimdə vergi sisteminin müxtəlif sahələri ilə bağlı mövzular diqqət mərkəzində olub.

Tədbirdə, həmçinin vergi ilə bağlı xəbər və analitik təhlillərin hazırlanması, informasiya böhranı zamanı vəziyyətdən çıxış yolları, vergi sahəsində məlumatlandırma və maarifləndirmə, sosial media marketinqi, media ilə iş prinsipləri, PR işinin düzgün təşkili ilə bağlı təqdimatlar edilib, praktik məşğələlər keçirilib, tələbə-jurnalistlərin sualları cavablandırılıb.

Bildirilib ki, layihənin reallaşdırılması iqtisadi, habelə vergilər haqqında biliklərə malik ixtisaslaşmış gənc jurnalistlərin formalaşması işinə dəstək olmaqla yanaşı, yeni nəsil media işçiləri ilə Vergilər Nazirliyi arasında gələcək əməkdaşlığın təməlini qoyacaq.

Vergilər Nazirliyi vergilərin ödənilməsi, cəmiyyətdə könüllü vergiödəmə vərdişlərinin formalaşdırılması məqsədilə mütəmadi olaraq məlumatlandırma və maarifləndirmə işləri aparır. Xüsusilə gənc nəslin, o cümlədən tələbələrin vergilər barədə bilik və anlayışlarının artırılması istiqamətində müxtəlif tədbirlər, konfrans və seminarlar təşkil olunur, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar verilir, müsabiqə və olimpiadalar keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.