CƏMİYYƏT
Medianın İnkişafı Agentliyinin ikinci könüllülük proqramı uğurla yekunlaşıb
Bakı,19 avqust, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin ikinci könüllülük proqramı uğurla yekunlaşıb. Cari ilin may-avqust aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, təcrübi biliklərini artırmaq və yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub.
MEDİA-dan AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində könüllülər fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalar və layihələrdə iştirak ediblər. Həmçinin Medianın İnkişafı Agentliyinin tədbirlərinin, o cümlədən Şuşada keçirilən Beynəlxalq Media Forumun təşkilinə dəstək göstəriblər.
Tədbirdə MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.