CƏMİYYƏT
Mediatur çərçivəsində jurnalistlər Azıx mağarasında olub, həmçinin Füzuli rayonunun Qaraməmmədli kəndində ağac əkiblər VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitəsinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonunun Azıx kəndində olub və Azıx mağarasını ziyarət ediblər.
AZƏRTAC-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin rəisi Firudin Əliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur. Bunu orada aşkar olunmuş 350-400 min il əvvələ aid qadın alt çənə sümüyü də sübut edir. Mağarada Paleolit, Eneolit və Tunc dövrlərinə aid tarixi nümunələr arxeoloji qazıntılar zamanı aşkar olunub. Tədqiqatlar nəticəsində 1968-ci ildə qadın alt çənə sümüyü aşkarlanıb. Təəssüf ki, 1993-cü ildə ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib. Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur.
Mediatur çərçivəsində, həmçinin Füzuli rayonunun Qaraməmmədli kəndində 1 hektar ərazidə 600-dən çox müxtəlif növ ağac əkilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, işğal dövründə ermənilər tərəfindən bu ərazilərdə yaşıllıqlara vurulan ziyanlarla bağlı 4 istiqamət üzrə monitorinq aparılır. Dəymiş ziyanın hesablanması işləri həyata keçirilir və nəticələr Ermənistan qarşısında təzminat iddialarının qaldırılması üçün aidiyyəti qurumlara təqdim ediləcək. Ərazilər minalardan təmizləndikdən sonra meşələrin bərpa işləri daha geniş miqyasda aparılacaq.