İQTİSADİYYAT


Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Mehdiabad-Pirşağı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.

Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolunun uzunluğu 7,2 kilometrdir.

Layihə əsasında yolboyu tam yeni və müasir yol infrastrukturu yaradılır. Yenidənqurma işləri bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə mövcud eni 7 metr olan yolun hərəkət hissəsinin 8-9 metrə qədər genişləndirilməsi işləri görülür. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq yeni piyada səkiləri tikilir, kənarlarına yeni səki daşları düzülür.

Tikinti layihəsinə uyğun olaraq, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir.

Bundan başqa, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşasından sonra isə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Bu işlər 60 min kvadratmetrə yaxın sahəni əhatə edəcək.

Texnoloji ardıcıllıqla aparılan tikinti işləri yekunlaşdıqdan sonra yolboyu yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılacaq. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.