ELM VƏ TƏHSİL
Məhəbbət Vəliyeva: Universitetlə orta məktəb arasındakı münasibətlər təhsilin keyfiyyəti üçün çox vacibdir
Bakı, 11 sentyabr, AZƏRTAC
Universitet ilə orta məktəb arasındakı münasibətlər təhsilin keyfiyyəti üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
Nazir müavin deyib: “Hər universitet orta məktəblərdə özü haqqında geniş məlumat verməlidir ki, şagirdlər seçim edəndə məqsədli olsunlar, təxminən deyil, sevərək ixtisas və universitet seçsinlər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu istiqamətdə daimi işlər görür, orta məktəblərdə özü haqqında geniş məlumat verir”.
Ölkəmizdəki ümumtəhsil müəssisələrində şagirdlərin vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə ciddi əhəmiyyət verildiyini deyən M.Vəliyeva vurğulayıb ki, bu məsələyə xüsusi diqqət göstərilməsi məktəblilər üçün çox vacibdir.
Nazir müavini Azərbaycanın təhsil sisteminin dünya miqyasında ixtisaslı kadrlar yetişdirmək səviyyəsində olduğunu da diqqətə çatdırıb.