İQTİSADİYYAT
Məhəmməd Barkindo: OPEC+ sazişi bazarda balansın yaranmasına səbəb olur
Bakı, 12 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin reallaşdırılması bazarda balansın yaranmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. O bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələri üzrə neft ehtiyatları bu ilin iyulunda son beş ilin orta göstəricisindən çox olub. Bundan başqa, üzən neft anbarlarındakı ehtiyatlarda isə azalmalar baş verir.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.