İQTİSADİYYAT


Məhəmməd Hadi küçəsinin 2,8 kilometrlik hissəsi təmir edilib VİDEO

Bakı, 17 iyul, AZƏRTAC

Məhəmməd Hadi küçəsinin 2,8 kilometrlik hissəsi təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, agentlik nəqliyyatın və piyadaların fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə paytaxt Bakının nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işləri çərçivəsində Xətai rayonu Məhəmməd Hadi küçəsində yenidənqurma və bərpa işlərini sürətlə və keyfiyyətlə davam etdirir. Artıq küçənin 2,8 kilometrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb. Hazırda küçənin kəsişdiyi “Ukrayna dairəsi”ndə təmir-tikinti işləri aparılır.

Məhəmməd Hadi küçəsinin 6 hərəkət zolaqlı olmaqla köməkçi yolla bərabər uzunluğu 4,4 kilometr təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində iki metro stansiya (“Əhmədli” və “Həzi Aslanov”) və bir neçə istiqamətdən gələn yolların kəsişdiyi 1 böyük dairə (Ukrayna dairəsi) yerləşir. Bu üzdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm nəqliyyat arteriyası hesab olunur.

Küçə uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlib və buna görə əsaslı təmirə ehtiyac yaranıb. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olub. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.

Artıq küçənin təqribən 2800 metrlik hissəsində təmir-tikinti işləri tam olaraq yekunlaşdırılıb. Sözügedən hissədə 50 min kvadratmetrdən çox mövcud asfalt-beton örtüyü frez maşını ilə profilə salınıb, həmçinin əsas və köməkçi yollarda, səkilərdə hissəvi olaraq yolun deformasiyaya uğramış hissələri 38 min kubmetr həcmdə qazılaraq çıxarılıb yeni torpaq yatağı və 36 santimetr hündürlükdə yeni yol əsası inşa edilib. Yolun 278 poqonmetr hissəsində isə kommunikasiya xətlərində aparılan təmir işlərindən sonra yolun əsası yenidən tikilib və asfalt-beton örtüyü bərpa edilib.

Layihəyə uyğun olaraq kanalizasiya quyularının yenidən qurulması, 14 ədəd yeni quyu qapaqlarının quraşdırılması, həmçinin səth sularının kənarlaşdırılması üçün 150 millimetr diametrində 110 poqonmetr uzunluğunda drenaj boruların çəkilməsi və 14 ədəd yağış barmaqlıqlarının quraşdırılması işləri də görülüb.

Bundan başqa təmir-tikinti işləri çərçivəsində müxtəlif hərəkət istiqamətləri arasında yeni ayrıcı zolaq inşa edilib, kənarlarına 5500 poqonmetr yeni səki daşı düzülüb və 736 kvadratmetr bəzək daşı döşənib. Yolun işıqlandırılması üçün ayrıcı zolaqda 61 ədəd yeni işıq dirəyi quraşdırılıb. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 4 min kvadratmetr sahədə yeni səki inşa edilib, kənarlarına isə 6500 poqonmetr yeni səki daşları düzülüb.

Tikinti norma və standartlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında təmir işləri yekunlaşdırılmış ərazidə əsas və köməkçi yollara 63 min kvadratmetr sahəyə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton örtüyü döşənib, yolboyu zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Hazırda küçənin kəsişdiyi “Ukrayna dairəsi”ndə təmir-tikinti işləri aparılır. Bu hissədə işlər lazımi sayda qüvvə cəlb olunmaqla yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Dairədə asfalt-beton örtüyünün qabarması və deformasiyaya məruz qalması hərəkətdə çətinliklər yaradıb. Atıq dairənin bir hissəsində köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kvadratmetr sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca asfaltlanma işlərinə başlanılıb. Yaxın günlərdə bu işlər yekunlaşan kimi dairənin digər hissəsində işlərə başlanılacaq. Dairənin 28 min kvadratmetr sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçəboyu 130 min kvadratmetrdən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq küçəboyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır, səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunaraq işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq.

Bundan başqa küçəboyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür. Ümumilikdə səkilərin kənarlarına 22 min poqonmetrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub. Həmçinin küçəni iki hərəkət istiqamətinə ayırmaq üçün 1 metr enində ayrıcı zolaq inşa edilir. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün ayrıcı zolaqda yeni işıq dirəkləri quraşdırılır.

Tikinti layihəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 135 min kvadratmetr sahəni əhatə edəcək. Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə Məhəmməd Hadi küçəsi boyunca 27 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol nişanın quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi də layihədə nəzərdə tutulan işlərdəndir.

Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.