ELM VƏ TƏHSİL


“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub

Bakı, 1 dekabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Bəsirə Əzizəlinin görkəmli Pakistan şairi, filosofu, İslam alimi Məhəmməd İqbala həsr olunmuş “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” monoqrafiyası nəşr edilib. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub. Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən iyirmi dördüncü nəşrdir.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçilər filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və Pakistanın MUSLIM İnstitutunun direktoru, Cunaqadh əyalətinin Baş naziri, professor Sahibzada Sultan Ahmed Alidir.

Son illərdə Azərbaycanda Pakistan ədəbiyyatının, xüsusilə də Məhəmməd İqbalın yaradıcılığının mühüm istiqamətlərini, ədəbi-fəlsəfi cəhətlərini öyrənən, bu sahədə bir çox elmi məqalələrin müəllifi olan, müxtəlif illərdə Pakistanda keçirilən elmi konfranslarda ölkəmizi təmsil edən Bəsirə Əzizəlinin kitabı Azərbaycanda Məhəmməd İqbala həsr olunmuş ilk monoqrafiyadır.

Monoqrafiyada Məhəmməd İqbalın həyatı, yaradıcılıq yolu araşdırılıb, müxtəlif əsərləri tədqiq edilərək onların ideya-bədii xüsusiyyətləri müəyyənləşdirilib, həmçinin şairin nəzm və nəsr əsərlərində əksini tapmış ədəbi-fəlsəfi, milli-mənəvi, ictimai-siyasi görüşləri dəyərləndirilib. “Məhəmməd İqbalın həyatı və yaradıcılıq yolu”, “Peyam-i-Məşriq – “Şərqdən xəbər” əsəri: Şərq və Qərb düşüncəsinin müqayisəsi”, “Cavidnamə əsəri: milli-mənəvi düşüncə, islam dünyası haqqında fikirlər, eşq fəlsəfəsi”, “Zarb-i Kelim” əsərində qadın və cəmiyyət məsələləri”, “Məhəmməd İqbal “Gülşən-i Razi-i Cədid” və M.Şəbüstərinin “Gülşəni-raz” əsəri”, “İslamda dini düşüncənin yenidən inşası” əsəri: müsəlman mədəniyyətinə yeni baxış”, “Hicaz ərməganı” əsərində müsəlman birliyi ideyası”, “Məhəmməd İqbalın yaradıcılığının Azərbaycanda tədqiqi və tərcüməsi” və “Book summary” kimi doqquz bölümdən ibarət kitabda görkəmli filosof şairin zəngin Şərq və Qərb motivləri ilə yoğurulmuş bədii-fəlsəfi irsinin mühüm məqamları araşdırılıb.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı Azərbaycan və qardaş Pakistan arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına mühüm töhfədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.