İQTİSADİYYAT
Məhəmməd Rastad: Azərbaycan xəzəryanı ölkələr arasında ən müasir liman infrastrukturuna malik olan dövlətdir
Tehran, 12 iyul, AZƏRTAC
İran iqtisadiyyatında həyata keçirilən idxal-ixrac əməliyyatlarında Azərbaycan tranzit ölkə kimi mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Sari şəhərində keçirilən “Xəzər dənizi vasitəsilə ixracatın inkişafı” adlı Beynəlxalq konfransda çıxış edən yol və şəhərsalma nazirinin müavini, İran dənizçilik və limanlar təşkilatının direktoru Məhəmməd Rastad deyib. Onun sözlərinə görə Azərbaycan Xəzəryanı ölkələr arasında ən müasir liman infrastrukturuna malik olan dövlətdir.
M.Rastad nəzərə çatdırıb ki, İran Gürcüstanla həyata keçirdiyi ixrac-idxal əməliyyatlarında Azərbaycan önəmli rol oynayır. İran malları Azərbaycan üzərindən Gürcüstana ixrac edilir və bu hər iki dövlətin maraqlarına uyğundur. Dövlətlər arasındakı iqtisadi əlaqələrin inkişafında nəqliyyatın mühüm yer tutduğunu qeyd edən M.Rastad Azərbaycanın nəqliyyat sahəsində probleminin olmadığını bildirib.
Xatırladaq ki, beynəlxalq konfrans çərçivəsində Xəzəryanı ölkələrin dəniz vasitəsi ilə iqtisadi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilir. Konfrans Xəzəryanı ölkələrdə dəniz vasitəsilə ixrac-idxal əməliyyatlarının genişlənməsi imkanlarının və problemlərin araşdırılması məqsədilə keçirilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran