SİYASƏT
Məhəmməd Salama: Beynəlxalq birlik dinc Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsini pisləməlidir
Qahirə, 7 iyul, AZƏRTAC
Dinc Azərbaycan sakinlərinə qarşı cinayət bütün səviyyələrdə pislənməli və qınanmalıdır. Bunu tanınmış misirli politoloq və publisist, “Al-Diplomacy” qəzetinin baş redaktoru Məhəmməd Salama AZƏRTAC-ın müxbirinə müsahibəsində dinc azərbaycanlı sakinlərin – nənə və nəvəsinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində erməni vəhşiliyi nəticəsində həlak olmaları faktına münasibət bildirərkən bəyan edib.
Bu hadisənin Ermənistan silahlı qüvvələrinin ilk cinayəti olmadığını bildirən politoloq deyib: “Bir neçə il əvvəl dinc azərbaycanlı sakinlərə hücum nəticəsində 14 yaşlı qız öldürülüb, mülki əhaliyə qarşı başqa cinayətlər törədilib. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi və Xocalıda soyqırımı törətdiyi vaxtdan bu günə qədər özünün təcavüzkar siyasətini və Azərbaycan xalqına qarşı cinayətlərini davam etdirir”.
Məhəmməd Salama bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qəsdən və məqsədyönlü hücumları beynəlxalq humanitar hüququn və bütövlükdə insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Özü də bu hücumlar sistemli xarakter daşıyır. Misirli politoloq vurğulayıb ki, istənilən halda dinc sakinlərə hücum etmək yolverilməzdir. Azərbaycanın təcavüzkara bütün mümkün vasitələrlə - siyasi, diplomatik və hərbi yolla cavab verməyə tam hüququ var. O deyib: “Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələblərinə və çağırışlarına məhəl qoymur, beynəlxalq qanunvericiliyi pozur və 25 ildir Azərbaycan ərazilərini işğal altında saxlayır”. Onun sözlərinə görə, beynəlxalq birlik və Birləşmiş Millətlər Təşkilatı, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Birliyi və s. kimi beynəlxalq təşkilatlar bu amansız cinayəti yekdilliklə və kəskin pisləməli, Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyət nümayiş etdirməlidirlər. Ermənistana təzyiq göstərmək, onu beynəlxalq hüquqa hörmət etməyə, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən – Dağlıq Qarabağdan və ətraf 7 rayondan dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edən BMT-nin 4 qətnaməsini yerinə yetirməyə vadar etmək lazımdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə