CƏMİYYƏT
Məhərrəm ayı ərəfəsində Qaradağda müşavirə keçirilib
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 20-də Qaradağ Rayon İcra Hakimiyyətində Məhərrəm ayı ərəfəsində müşavirə keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavin Nadir Muradov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, həmin şöbənin müdir müavini Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin müdiri A.Kazımov, Qaradağ rayonunun Lökbatan, Sahil, Müşfiqabad, Qızıldaş və Ümid qəsəbə məscidlərinin imamları, dini icma rəhbərləri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Məhərrəm ayı ərəfəsində məscidlərdəki dini durum barədə danışıb və keçiriləcək mərasimlərin tələb olunan qaydalara uyğun aparılması barədə tövsiyələrini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin müdiri A.Kazımov çıxışında dövlət-din münasibətlərinə toxunub, aparılacaq maarifləndirici işlərə istiqamət verib.
Rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov Məhərrəm ayında Qaradağ rayonunda məscidlərdə dini mərasimlərin düzgün yerinə yetirilməsi barədə görüləcək işlər haqqında danışıb.
Digər natiqlər keçiriləcək tədbirlər zamanı imamların üzərilərinə düşən vəzifələrə toxunublar.