CƏMİYYƏT


Məhərrəm ayının başlanması ilə əlaqədar Dövlət Komitəsində müşavirə keçirilib

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib. Müşavirədə DQİDK sədrinin müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

DQİDK-dan AZƏRTAC-a bildirilib ki, komitə sədri Mübariz Qurbanlı ölkədəki dini durum və gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək Məhərrəm ayının başlanması ilə əlaqədar DQİDK-nın üzərinə düşən vəzifələrə toxunub, bununla əlaqədar Mərkəzi Aparat və bölgə şöbələrinin fəaliyyətlərini daha da gücləndirməli olduğunu deyib. Məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıran M.Qurbanlı dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsini xüsusi olaraq vurğulayıb.

“Dini etiqad azadlığı haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsinin qarşımıza ciddi vəzifələr qoyduğunu bildirən komitə sədri İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilən sənəd qəbulunun artıq yekunlaşdığını və avqustun 2-dən etibarən müsahibənin başlayacağını qeyd edib. Din pərdəsi altında İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşdüyünü nəzərə çatdıran M.Qurbanlı din xadimlərinin Vətənə, milli-mənəvi dəyərlərimizə, o cümlədən azərbaycançılıq ideologiyasına bağlı olmalarının önəmini vurğulayıb. O, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsində Azərbaycan İlahiyyat İnstitutunun roluna diqqət çəkib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov və bölgə şöbə müdirləri gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşdükdən sonra müvafiq tapşırıq və tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.