CƏMİYYƏT


Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti dövlətimizin başçısının tapşırığına uyğun təkmilləşir

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Ədliyyə nazirinin müavini Eldar Nuriyevin sədrliyi ilə xüsusi karantin qaydalarına əməl olunmaqla nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində xalqımızın parlaq qələbəsini, işğaldan azad edilmiş doğma torpaqlarımızın yenidən dirçəlişi istiqamətində irimiqyaslı tədbirlərin görüldüyünü, müharibə zamanı Ermənistanın dinc əhalimizə qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərinin istintaqı, dağıdılmış mülki infrastruktura dəymiş külli miqdarda ziyanın qiymətləndirilməsi məqsədilə hadisə yerlərinə baxışlar keçirildiyini, çevik qaydada ekspertizaların aparıldığını diqqətə çatdırıb.

Müşavirədə mərkəzin rəis müavini vəzifəsini icra edən Rahim Rəhimov cari ildə mərkəzə daxil olan ekspertiza işlərinin sayının 16 faizdən çox artaraq 21 mini ötdüyünü, onlardan 17 min 500-dən çoxunun icraatının tamamlandığını, ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi üzrə aparılan davamlı işlərin nəticəsi olaraq mərkəzin 4 regional bölməsi tərəfindən aparılan ekspertizaların həcminin 30 faiz artdığını vurğulayıb.

Məlumat verilib ki, həmin dövrdə ekspertlər tərəfindən 371 mindən çox tədqiqat obyekti araşdırılaraq 90 faizə yaxın - 39 mindən çox sual cavablandırılıb. Cari ildə tikinti-texniki, müharibə cinayətləri ilə bağlı olan ballistik, əmtəəşünaslıq, mühasibatlıq, narkotik vasitələrin, audio və videoyazıların ekspertizaları üzrə işlərin sayında artım qeydə alınıb.

Ədalət mühakiməsinin həyata keçirilməsində operativliyin, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə ekspertizaların 72 faizi qanunvericiliklə müəyyən olunmuş müddətdən tez başa çatdırılıb. Ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faizdən çox artıb. Ədliyyə orqanlarında işə yüksək tələbkarlığın və ekspertizaların keyfiyyətinin artırılması üzrə görülən tədbirlərin nəticəsi olaraq təkrar ekspertizaların sayı 13 faiz azalıb. Məhkəmə və hüquq-mühafizə orqanlarına metodik kömək məqsədilə təqdim olunmuş sənədlərin sayı 28 faiz artıb.

Cari ildə özəl məhkəmə ekspertizası institutunun təşviqi məqsədilə “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri”nin və “Məhkəmə ekspertizasının metodik fondu”nun formalaşdırılması məqsədilə 198 tədqiqat metodikasına dair pasport hazırlanıb, metodik fondla bağlı 251 adda elmi-metodiki materiallar tərtib edilib, maarifləndirici videoçarxlar və digər əyani vəsaitlər hazırlanıb.

Müşavirədə məhkəmə ekspertizası fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqi, beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən işlər, beynəlxalq akkreditasiya ilə bağlı fəaliyyət barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə 6 ekspert ixtisası üzrə ekspertizalar beynəlxalq akkreditasiyadan keçməklə həyata keçirilir.

İclasda görülmüş işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqlar diqqətə çatdırılaraq onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər müəyyən edilib.

Müşavirəyə yekun vuran nazir müavini dövlətimizin başçısının maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi, israfçılığa və lüzumsuz xərclərə yol verilməməsi barədə göstərişlərini diqqətə çatdırmaqla yanaşı qarşıda duran vəzifələrin yerinə yetirilməsi, ekspertiza fəaliyyətinin səmərəliliyinin artırılması, cinayətkarlığa qarşı mübarizədə profilaktik işlərin sürətləndirilməsi, ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaşların, xüsusilə şəhid olmuş, itkin düşmüş, əlil olmuş şəxslərin ailə üzvlərinin müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı zəruri tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.