CƏMİYYƏT


Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

İclasda bir neçə hakimin səlahiyyətlərinə xitam verilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

İclasda çıxış edən Şuranın sədri Fikrət Məmmədov ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirildiyini vurğulayıb. Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərə toxunaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçiminin həyata keçirilməsi, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşması, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılması üzrə əməli tədbirləri qeyd edib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlətimizin başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. Məhkəmə fəaliyyətində mövcud nöqsanların aradan qaldırılması üçün əlavə təsirli qəti tədbirlərin görülməsi, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən kobud qanun pozuntuları, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilib.

Qeyd edilib ki, məhkəmə hakimiyyətinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq 800-dən çox hakimliyə namizədlə tam şəffaf şəraitdə müsabiqə keçirilib. Onlardan 108 nəfəri müsabiqəni, o cümlədən çoxmərhələli imtahanları və bir il müddətində davam etmiş təlim kurslarını, məhkəmələrdə, habelə Ankarada və Strasburqda – Avropa Məhkəməsində stajkeçməni uğurla başa vurub. Hakimliyə namizədlərin seçim qaydasına müvafiq olaraq, Məhkəmə-Hüquq Şurasında həmin namizədlərlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılıb, onların ixtisaslaşmasının aparılması məqsədilə hər biri ilə fərdi qaydada söhbətlərin keçirilməsinə başlanılıb.

Bildirilib ki, bu hakimliyə namizədlər hesabına məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyətinin komplektləşdirilməsi hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.

İclasda, həmçinin hakimlər barədə intizam icraatlarına baxılaraq, qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı, konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.