CƏMİYYƏT


Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Bakı, 29 oktyabr, AZƏRTAC

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində məhkəmə sisteminin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsinə xüsusi diqqət yetirilir.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, Şuranın Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında Ali və Apellyasiya instansiyası məhkəmələrində vakant olan 30 hakim ştatının komplektləşdirilməsi məqsədilə hakim korpusunun mövcud tərkibi ətraflı təhlil edilib, fəaliyyəti müsbət qiymətləndirilən və peşəkarlığı ilə fərqlənən hakimlərin irəli çəkilməsinə dair dövlətimizin başçısına təkliflər verilib. Qeyd edilən təkliflər Azərbaycan Prezidenti tərəfindən müsbət dəyərləndirilərək Milli Məclisə həmin namizədlərin təyinatı ilə bağlı təqdimat göndərilib.

Şura iclasında, həmçinin bildirilib ki, 2013-cü ildə yeni qaydalarla seçilərək təyin olunmuş 71 nəfər hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar onların hər birinin işi yerində öyrənilib, fəaliyyətlərini xarakterizə edən sənəd, material və məlumatlar toplanıb. Həmin hakimlərin fəaliyyəti qiymətləndirilməklə vəzifələrinin öhdəsindən layiqincə gələn şəxslərin səlahiyyət müddətlərinin uzadılmasına dair təkliflərin hazırlandığı vurğulanıb.

Eyni zamanda, şəffaf prosedurlarla seçilmiş, o cümlədən çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 namizədlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılıb, ixtisaslaşmalarının aparılması məqsədilə onların hər biri ilə fərdi qaydada söhbətlər keçirilib. Həmin namizədlərin birinci instansiya məhkəmələri üzrə müxtəlif hakim vəzifələrinə təyinatları barədə təkliflərin hazırlanması tapşırılıb.

Qeyd olunub ki, bu sahədə görülən tədbirlər nəticəsində məhkəmə sistemində mövcud olan bütün vakansiyaların tam əksəriyyəti, o cümlədən ilk dəfə olaraq Ali və bütün Apellyasiya instansiyası məhkəmələri tam komplektləşdiriləcək. Bu da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.

İclasda qanunvericiliyin tələblərinin pozulmasına prinsipial münasibət göstərilərək 6 hakim barədə intizam icraatları başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.