CƏMİYYƏT


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Bakı, 14 noyabr, AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, ictimai həyatın bütün sahələrində əldə olunan genişmiqyaslı uğurları qeyd edib, “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında müstəsna rolunu vurğulayıb.

Bildirilib ki, Fərmanın icrası çərçivəsində 40-dək mühüm normativ aktın layihəsi hazırlanıb, məhkəmə fəaliyyətinin təkmilləşməsinə, hakimlərin müstəqilliyinin möhkəmlənməsinə yönələn bir sıra qanunlar artıq qəbul edilib, digər tədbirlər görülüb. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələr təsbit olunub.

Ölkə Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.

İclasda Kommersiya və İnzibati məhkəmələrin fəaliyyəti və gələcək iş həcmi üzrə aparılmış təhlillər nəzərdən keçirilməklə, onların ərazi yurisdiksiyası müəyyən olunub, dövlət başçısının qeyd edilən Sərəncamı ilə qarşıya qoyulmuş digər məsələlər müzakirə edilib. Həmçinin hakimlərin iş yükünün azaldılması və məhkəmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Fərmana əsasən hakimlərin ştat sayının 200 vahid artırılmasının mühüm əhəmiyyəti vurğulanıb. Həmin ştatların məhkəmələr, o cümlədən yeni yaradılan Kommersiya və İnzibati məhkəmələr üzrə bölüşdürülməsinə dair müvafiq qərar qəbul olunub. Bu ştatların hakimlərlə komplektləşdirilməsinin fəaliyyətin səmərəliliyinin artırılmasına, məhkəmələrdə işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəyi bildirilib.

Bununla əlaqədar iclasda hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinin gedişi barədə Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib. Qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, xüsusilə dövlət başçısı tərəfindən ayrılmış əlavə hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi Qaydası təkmilləşdirilib, seçim prosesi daha çevik və davamlı xarakter alıb. Artıq 200-dən çox namizədlə müsabiqə, o cümlədən test üsulu ilə və yazılı imtahanlar keçirilib, 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb. Hakimliyə namizədlərlə noyabr ayının 15-dən şifahi imtahanlara başlanacaq.

Bununla yanaşı, hakim olmaq üçün sənədlərini təqdim etmiş 250-dək hüquqşünasla noyabr ayının 23-də növbəti test imtahanının keçiriləcəyi bildirilib. Müasir texnologiyalar tətbiq edilməklə təşkil olunan və onlayn qaydada canlı yayımlanan imtahanda hər bir namizəd sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr dərhal elan olunacaq.

İclasda hakimlərin seçimi üzrə görülən işlər təqdir olunub, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin məhkəmə fəaliyyətində aşkarlığın artırılması, o cümlədən kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrinin səmərəli qurulması üzrə bəzi təşkilati məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə dörd hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, iki hakim barədə intizam icraatları başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.