SİYASƏT


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində insan haqlarının etibarlı təmin edilməsinə xüsusi önəm verildiyi, ölkəmizin bu sahədə mütərəqqi beynəlxalq təcrübədən uğurla bəhrələndiyi qeyd olunub.

Bu günlərdə Ali Məhkəmə və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinə dair yüksək səviyyəli beynəlxalq konfransda iştirak edən Avropa Məhkəməsi sədrinin və bir çox Avropa dövlətlərinin yüksək məhkəmə rəhbərlərinin azərbaycanlı hakimlərlə görüşünün və təcrübə mübadiləsinin təşkilinin, habelə, həmin tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan insan hüquqları üzrə ixtisaslaşmış nüfuzlu alimlərin iştirakı ilə hakimlər və dövlət ittihamçıları üçün təlimlər keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda insan haqlarının məhkəmə müdafiəsinin daha da təkmilləşdirilməsi, bu sahədə hakimlərin peşəkarlığının artırılması və mövcud problemlərin aradan qaldırılması üzrə qarşıda duran məsələlər diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin hakimlər barədə başlanılmış intizam icraatlarına baxılıb. Məhkəmə aktlarının vaxtında tərtib edilməməsinə, icra intizamının digər kobud pozulması hallarına və süründürməçiliyə yol verməklə, tərəflərin hüquq və mənafelərini təmin etmədiyinə görə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Aqşin Əfəndiyevə töhmət verilib. Ağır yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən məhkəmə təcrübəsinə və cəza siyasətində ardıcıllığa əməl etmədiyinə və qanunvericiliyin tələblərini pozduğuna görə Siyəzən rayon məhkəməsinin hakimi İlqar Quliyevə irad tutulub.

Eyni zamanda, iclasda tərəfləri məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadığına, məhkəmə qərarlarını tərəflərə vaxtında göndərmədiyinə və digər pozuntulara yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb, bəzi kadr məsələlərinə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.