CƏMİYYƏT
Məhkəmə aktlarının mübahisələndirilməsi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyidir

Bakı, 10 iyun, AZƏRTAC
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmana əsasən, ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və məhkəmə sisteminin inkişafını şərtləndirib. Mübahisəsizdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq olunmasını təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində kompleks tədbirlər hazırda da görülməkdədir və məhkəmə-hüquq islahatları dövründə bu fəaliyyət xüsusi önəm daşıyır.
Bu fikirlər Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimovun “Məhkəmə aktlarının mübahisələndirilməsi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi kontekstində” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Yuxarı məhkəmələrdə icraat aşağı məhkəmələrin qərarlarının təhlili, məhkəmələr tərəfindən buraxılmış səhvlərin daha tez aradan qaldırılmasına və məhkəmələr tərəfindən qanunun birmənalı və dəqiq tətbiqinin təmin olunmasına imkan verən prosesin xüsusi növü kimi qəbul olunur. Yuxarı məhkəmələrə müraciətlərin məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində edilməsi “res judicata” prinsipinin, yəni ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yarana biləcək qeyri-müəyyənlik cinayət təqibi üzrə işlərə ağlabatan müddətdə baxılmasında və qarşıya qoyulmuş məqsədlərə çatmağa çətinlik törətməkdədir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbləri gözlənilməklə yuxarı məhkəmələrə vaxtında edilmiş müraciətlər əsasında işlərə yenidən baxılması məhkəmə səhvlərinin düzəldilməsinə və həmin səhvlərin neqativ nəticələrinin qarşısının vaxtında alınmasına xidmət etməlidir.
Xüsusilə qeyd olunmalıdır ki, yekun qərarların qanuniliyinin və əsaslılığının yoxlanılması həmin qərarların işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur və belə olduğu təqdirdə məhkəmə instansiyasının iyerarxiyasının fərqinə varmadan müraciət edənin müraciətinin forma və məzmun tələblərinə riayət etməsi, məhkəməyə müraciətində qeyd etdiyi mülahizələrinə görə mübahisələndirilən aktın qanunsuzluğunun, əsassızlığının yaxud ədalətsizliyinin nədən ibarət olması, habelə buna dair şikayətdə və ya protestdə işin müvafiq vərəqlərinə istinad olunması vacib şərt kimi təmin edilməlidir.
Bir və ya bir neçə proses iştirakçısının (dövlət ittihamçısı, zərərçəkmiş şəxs, müdafiəçi, təqsirləndirilən şəxs və q.) prosessual qaydaya uyğun olmayan müraciəti, forma və məzmun tələblərinə əməl edilməməsi və ya müraciətin vaxtında edilməməsi və sair hallar mübahisə açmayan tərəfin konstitusion hüquqlarının pozulmasına, o cümlədən irəli sürülmüş ittiham, tətbiq edilmiş prosessual məcburiyyət tədbiri üzrə vaxtında, ədalətli və açıq məhkəmə baxışının aparılmasını tələb etmək hüququ məhdudlaşdırılmış olur.
Formalaşmış məhkəmə təcrübəsinin təhlili göstərir ki, cinayət mühakimə icraatında bəzi hallarda proses iştirakçıları tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət etmək məsələsinə dair fərqli hüquqi yanaşma sərgilənir, bundan irəli gələn apellyasiya və kassasiya müraciətlərinin mümkünlüyü məsələləri fərqli qaydada dəyərləndirilir. Yəni, müraciətlər tərtib edilib sonrakı mərhələdə yoxlanılarkən cinayət prosessual qanunvericiliyin tələblərinə lazımi qaydada diqqət yetirilmir, daxil olan müraciətlər üzrə cinayət prosessual qanunvericiliyin müəyyən etdiyi zəruri şərtləri ittiham və müdafiə tərəfi bəzən icra etmir və ya onların sistemliyinə əhəmiyyət verilməyərək müraciətlərin məzmununa səthi yanaşılır, yaranmış vəziyyətdə isə ədalət mühakiməsinin səmərəliyi, məhkəməyə edilmiş müraciətin keyfiyyəti azaldılır və nəticə etibarı ilə edilmiş müraciətlərlə bağlı işlərə baxılmasında “ağlabatanlığın” pozulması qaçılmaz olur.
Aşkardır ki, cinayət prosessual qanunvericilik hökm və qərarlardan apellyasiya, habelə kassasiya müraciətlərinin (şikayət və protestlərin) məzmunu üzrə göstərilməli olan halları dəqiq olaraq müəyyənləşdirilmiş, eyni zamanda, bəzi subyektlərə münasibətdə istisna edilən şərtlər və tələblər nəzərdə tutulub. İş üzrə müraciətlərin (şikayət və protestlərin) məzmununa dair zəruri tələblərə həmin şikayət və protestlərin ünvanlandığı məhkəmənin adı, müraciət edən şəxsin adı, mübahisəli yekun aktı qəbul etmiş məhkəmənin adı, yekun aktın qısa məzmunu və müraciət edənin mülahizələrinə görə onun qanunsuzluğunun, əsassızlığının, yaxud ədalətsizliyinin nədən ibarət olması, müraciət edən şəxsin xahişi və əlavə olunan sənədlərin siyahısı qanunvericilikdə nəzərdə tutulub.
Bunlarla yanaşı, cinayət prosessual məcəllə müraciət edən tərəfindən mübahisəli yekun aktın dəyişdirilməsi və ya ləğv edilməsinin zəruriliyini əsaslandırdığı təqdirdə edilmiş şikayətdə və ya protestində işin müvafiq vərəqlərinə istinad olunmasını imperativ qayda kimi müəyyən etmiş, burada həmin tələbin həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmədiyi göstərilib. (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi (bundan sonra CPM-in) 387.2; 413.2).
Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəllənin 387-ci və 413-cü maddələrinin tələblərinin təmin olunmaması edilmiş müraciətlərin aidiyyətı məhkəmə instansiyası tərəfindən hərəkətsiz saxlanılması, müəyyən olunmuş müddətdə həmin tələblərin yerinə yetirilməməsi, yəni cinayət prosessual qanunvericiliyin müəyyən etdiyi zəruri şərtlərin əməl edilməməsi şikayət və protestlərin verilməmiş hesab edilməsi və baxılmamış saxlanılması üçün əsas olmasına baxmayaraq bəzi hallarda yuxarı məhkəmələrə verilən şikayət və protestlərin məzmununda normaların şərtləri diqqətə alınmayıb.
Qeyd olunanlara diqqətinizi cəlb etməklə apellyasiya və kassasiya müraciətləri üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllə ilə müəyyən olunan forma və məzmun məsələlərinə diqqətin artırılması, mübahisəli məhkəmə aktlarına dair müraciətlərin tərtib edilməsi zamanı sistemli və mütəmadi xarakter daşıyan yanlışlıqlara yol verilməməsi, natamam müraciətlərə görə işlərə ağlabatan müddətdə baxılmasında çətinlik yarada bilən və icraatın qeyri-mümkünlüyünə səbəb olan halların qarşısının alınması və prosessual qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi tövsiyə olunur.