“Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda Azərbaycanda ilk beynəlxalq konfrans yekunlaşıb
AzerTAg.az
Konfrans bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa töhfə verəcək
Bakı, 24 may, AZƏRTAC
Mayın 23-də və 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu (AEAİ) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komissiyasının BQXK ilə birgə işləyib hazırladığı “Münaqişə ilə bağlı itkin düşmüş şəxslərin qalıqlarının tapılması və identifikasiyası üzrə pilot layihə” multidissiplinar humanitar məhkəmə ekspertizası yanaşması olub, BQXK-nın texniki məsləhət və dəstəyi ilə Dövlət Komissiyasının koordinasiyası ilə həyata keçirilir. Layihə çərçivəsində aidiyyəti qurumlar itkin düşmüş şəxslərin axtarılması, insan qalıqlarının götürülməsi, analizi və identifikasiyası üzərində birgə işləyərək Azərbaycan tarixində ilk olan məhkəmə arxeologiyası və məhkəmə antropologiyası yanaşmasının əsasını qoymuş olublar.
Əldə olunan uğurlu nəticələr ölkədə məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının elmi əsaslarının qoyulması ehtiyacını üzə çıxardı. Qeyd edilən sahələrin məhkəmə tibbi ekspertizası üçün önəmini nəzərə alan AEAİ Dövlət Komissiyası və BQXK-ya Bakıda məhkəmə arxeologiyası və məhkəmə antropologiyası üzrə ilk beynəlxalq konfransı təşkil etməyi təklif edib.
Konfransın məqsədi müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirərək həm texniki biliklərin, həm də sahə təcrübəsinin bölüşülməsi yolu ilə Azərbaycanda məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının inkişafına töhfə verməkdir. Eyni zamanda, konfrans yeni nəsil tədqiqatçıları da bu mövzudakı müzakirələrə qatılmağa təşviq edir.
BQXK-nın Məhkəmə tibbi ekspertizası departamentinin sabiq rəhbəri, Məhkəmə antropoloqu Luis Fondebrider deyib ki, insan qalıqlarının identifikasiyası uzun prosesdir. Bu zaman yalnız bioloji istinad nümunələrinə arxayın olmamaq önəmlidir, o sadəcə əlavə informasiyadır. Bu proses zamanı multidissiplinar yanaşma çox önəmlidir və məhkəmə patologiyası, məhkəmə antropologiyası, məhkəmə stomatologiyası və genetika kimi sahələrin qarşılıqlı şəkildə əməkdaşlığını tələb edir.
Luis Fondebriderin, BMT-nin Kiprdə İtkin Düşmüş Şəxslər Komitəsindəki nümayəndəsi xanım Paul-Anri Arninin, Ankara Universiteti antropologiya departamentinin rəhbəri professor Ayla Sevim Erolun, Ankara Universiteti antropologiya departamentinin fiziki antropoloqu, professor Timur Gültəkinin, BQXK-nın Məhkəmə tibbi ekspertizası sahəsində Avrasiya üzrə regional rəhbəri Metyu Vennemeyerin, eləcə də digər beynəlxalq ekspertlərin və Azərbaycanlı alimlərinin qatıldığı iki günlük tədbirdə keçirilən maraqlı müzakirələr və təqdimatlar məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının AEAİ daxilində akademik fənn kimi yaranması və bu istiqamətdə gələcək mütəxəssislər yetişdirmək yönündə ciddi niyyəti ortaya qoydu.
“Ümid edirəm ki, konferans itkin düşmüş şəxslərlə bağlı fəaliyyətlərə dair ehtiyaclara, toplanmış məlumatların qorunması və itkin ailələrinə onların doğmalarının taleyi barədə cavab verilməsi üçün olan tələblərə və mürəkkəb təcrübələrə diqqət yönəldəcək. Uzun perspektivdə bu konfrans Azərbaycanda olan akademik institutların inteqrasiyası ilə birgə bacarıqların artırılması və bu sahədə qonşu ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığa töhfə verə bilər”, – deyə BQXK-nın Məhkəmə tibbi ekspertizası sahəsində Avrasiya üzrə regional rəhbəri Metyu Vennemeyer vurğulayıb.
İkigünlük beynəlxalq konfransda müxtəlif ölkələrdən olan iştirakçılar məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşüblər.
İtkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində Azərbaycan Respublikasının kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Komissiyası və BQXK bu təşəbbüsə gələcəkdə də dəstək verməyə hazırdırlar.







Xəbərin mətnində orfoqrafik səhv var