CƏMİYYƏT
Məhkəmə hakimləri üçün seminar və idman turniri keçirilib
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə Bakıda və regionlarda hakimlər üçün seminarlar, tanışlıq səfərləri və idman turnirlərinin keçirilməsi xoş bir ənənə halını alıb. Müxtəlif instansiya məhkəmələrinin təmsilçiləri, eləcə də təqaüdə çıxmış bir sıra keçmiş hakimlər onları öz sıralarında birləşdirən İttifaqın təşəbbüsü və dəstəyi ilə İmişlidə və Mingəçevirdə maraqlı tədbirlərin iştirakçısı olublar.
Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqından AZƏRTAC-a bildiriblər ki, səfər proqramına uyğun olaraq, iştirakçılar əvvəlcə İmişliyə səfər edərək bu yaxınlarda istifadəyə verilmiş rayon məhkəməsinin yeni binası ilə tanış olublar. İmişlidə ən müasir tələblərə uyğun inşa olunmuş məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, müasir İKT ilə təchiz olunub. Elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən avadanlıq quraşdırılıb, hakimlər, məhkəmə aparatı işçiləri və vətəndaşlar üçün hər cür şərait yaradılıb.
Sonra tədbir iştirakçıları Mingəçevirə gediblər. Orada hakimlər üçün mülki, cinayət və inzibati işlərə baxılarkən yol verilən xarakterik nöqsanların müzakirəsinə həsr olunmuş seminar keçirilib.
Seminarda çıxış edən Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, mülki kollegiyanın hakimi Əsəd Mirzəliyev və digər təcrübəli hakimlər praktiki əhəmiyyətli aktual məsələlərə toxunub, konkret misallar əsasında təhlillər və müzakirələr aparılıb.
Toplantı çərçivəsində, həmçinin 28 May - Respublika Gününə həsr olunmuş şahmat turniri, regionları və Bakını təmsil edən məhkəmə kollektivlərinin futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Məhkəmə hakimlərinə peşəkar problemlərin sərbəst şəraitdə müzakirəsinə, qarşılıqlı təcrübə mübadiləsinə və asudə vaxtın səmərəli keçməsinə, eləcə də ölkəmizin ayrı-ayrı şəhər və rayonları ilə daha yaxından tanış olmağa imkan yaradan bu səfərdən də iştirakçılar razılıq hissi ilə geri dönüblər.