CƏMİYYƏT


Məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsini şərtləndirir

Bakı, 21 noyabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatların həyata keçirilməsinə başlanıldı. Ölkəmizdə hüquqi islahatların təməlini Ulu Öndərin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul olunması təşkil edib. Müstəqil Azərbaycanın ilk Əsas Qanunu qəbul edildikdən sonra ardıcıl həyata keçirilən məhkəmə-hüquq islahatlarının ilkin mərhələsində qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılıb, üçpilləli məhkəmə sistemi təsis edilib, şəffaf müsabiqə əsasında yeni hakimlər seçilərək müvafiq vəzifələrə təyin olunublar. Eyni zamanda, qanunvericilikdə məhkəmə hakimiyyətinin müstəqilliyi və hakimlərin statusunun əsasları, habelə hüquqi dövlətə xas olan ədalət mühakiməsinin prinsipləri müəyyən edilib, məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılıb, hakimlərin maddi və sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri, hüquq üzrə magistr Firad Əliyev AZƏRTAC-a açıqlamasında deyib.

F.Əliyev bildirib ki, Prezident İlham Əliyevin məhkəmələrin işinin səmərəliliyinin artırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004-cü il dekabrın 28-də “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” qanunlarını imzalamasından sonra həmin normativ hüquqi aktlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum - Məhkəmə-Hüquq Şurası təşkil edilib. Həmçinin ilk dəfə yaradılmış Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanılıb. Bu sahədə görülən böyük əhəmiyyətli işlərin digər bir hüquqi əsası isə dövlətimizin başçısının “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli Qanununun tətbiq edilməsi haqqında” 2010-cu il 15 iyul tarixli Fərmanı olub.

Qeyd edilib ki, müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqinin məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəyini nəzərə alan Prezident İlham Əliyev ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə 2014-cü il fevralın 13-də “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında tarixli Sərəncam imzalayıb. Bununla da məhkəmələrdə şəffaflığın artırılması, prosessual hərəkətlərin izlənilməsi, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması, ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu və ümumi olaraq məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının tətbiqi və səmərəliliyin artırılması təmin edilib.

F.Əliyev bildirib ki, dövlətimizin başçısının müdrik və humanist siyasətinin növbəti təzahürü olan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncama əsasən penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi, idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirlərinin davam etdirilməsi, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına səmərəli nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması sahəsində mühüm işlər görülür.

“Ölkəmizdə insan hüquq və azadlıqlarına xüsusi önəm verilməsindən bəhs edərkən humanizm prinsiplərini daim uca tutan və sonsuz xeyirxah əməlləri ilə hər kəsin rəğbətini qazanan nəcib insanın-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü əhəmiyyətli işləri, o cümlədən onun təşəbbüsü ilə qəbul olunan qanunları və amnistiya aktlarını da vurğulamaq yerinə düşər. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi dövrdə məhz Mehriban xanımın təşəbbüsü ilə bilavasitə insan hüquq və azadlıqlarının müdafiəsini, eləcə də vətəndaşların qanuni mənafelərinin qorunmasını özündə əks etdirən çoxsaylı qanunlar və on minlərlə insana şamil olunan 4 amnistiya aktı qəbul edilib ki, bütün bunlar insan amilinə verilən böyük dəyərin təcəssümü olub”, - deyə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Əldə olunan nailiyyətlər və qazanılan ardıcıl uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etdi. Buna görə də Prezident İlham Əliyev bu istiqamətdə yeni mərhələnin əsasını qoyan və məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün məhkəməyə müraciət imkanlarını daha da genişləndirmək, məhkəmələrin fəaliyyətində şəffaflığı artırmaq, məhkəmə icraatının effektivliyini yüksəltmək, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsini təmin etmək, süründürməçiliyin, eləcə də digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirləri gücləndirmək olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman imzalayıb. Qəti əminliklə demək olar ki, Prezidentin kompleks tədbirlərin görülməsini nəzərdə tutan sözügedən Fərmanının həyata keçirilməsi məhkəmələrin fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasında, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasında, bu sahədə şəffaflığın artırılmasında müstəsna əhəmiyyət kəsb etməklə, ədalətli məhkəmə qərarlarının qəbul olunması, onların vaxtında və tam icrası, bununla da vətəndaşların hüquqlarının və qanuni mənafelərinin məhkəmə müdafiəsinin daha etibarlı təmin olunması və ədalət mühakiməsinə ictimai etimadın artması ilə nəticələnəcək. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində islahatlar uğurla davam etdirilir. Bütün bunlar Azərbaycanın hərtərəfli qüdrətlənməsinə və xalqın rifahının daha da yaxşılaşdırılmasına hesablanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.