CƏMİYYƏT
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərman vətəndaş cəmiyyətinin inkişafı üçün əhəmiyyətlidir
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Milli-Qeyri Hökumət Təşkilatları Forumunun (MQF) hüquq mərkəzi Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində “Məhkəmə-hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirib.
MQF-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Forumun prezidenti Rauf Zeyni “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı Fərmanın dövlətimizin, cəmiyyətimizin, həmçinin vətəndaş cəmiyyətinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra MQF hüquq mərkəzinin direktoru Rövşən Nəbiyev Fərman barədə ətraflı məlumat verib. O, bu mühüm sənədin inqilabi əhəmiyyətə malik olduğunu bildirərək, Fərmanda göstərilən vahid məhkəmə təcrübəsinin, alternativ icra və ekspertiza qurumlarının yaradılmasının, hakimlərin müstəqilliyi, sosial müdafiəsinin yaxşılaşdırılması, vəkillərin səlahiyyətlərinin genişləndirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və digər mütərəqqi müddəaların önəmini xüsusi vurğulayıb.
Məhkəmə-Hüquq Şurasının nümayəndəsi Seyfəlpaşa Əliyev, insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) nümayəndəsi Müqabil Mahmudov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Orxan Həsənov, Ədliyyə Nazirliyinin nümayəndəsi Kamil Mustafayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Aydın Axundov, MQF-nin müvafiq mərkəzlərinin direktorları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri Fərmanın mütərəqqi əhəmiyyətə malik olduğunu vurğulayıb, bu mühüm sənəddən irəli gələn tədbirlərin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın vacibliyini qeyd ediblər.