İQTİSADİYYAT
Məhkəmə qərarlarının icrası prosesinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Ədliyyə Nazirliyinin İcra baş idarəsi arasında keçirilən görüşdə məhkəmə qərarlarının icrası prosesinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə ABA-nın prezidenti Zakir Nuriyev Ədliyyə Nazirliyi ilə ABA arasında qurulmuş effektiv, işgüzar əlaqələr, sıx konstruktiv dialoqlardan danışıb, nazirliklə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Həmçinin məhkəmə qətnamələrinin icrası zamanı qarşıya çıxan çətinliklərin daha tez və effektiv formada aradan qaldırılması üçün qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqinin araşdırılması məsələsindən söz açıb.
Baş icra məmuru Nurəddin Mustafayev məhkəmə qərarlarının icrası sahəsində hazırkı vəziyyət və yeniliklər barədə məlumat verib, bu sahədə mövcud problemlər və onun həlli yolları, məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsinə dair fikirlərini bildirib, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər barədə danışıb.
Daha sonra görüş konkret məsələlər ətrafında müzakirələr formasında davam edib.
Görüş çərçivəsində əsas müzakirə mövzuları icra qurumları ilə banklar arasında elektron informasiya resurslarının məlumatlarının mübadiləsi, qanunvericiliklə icra məmurları üçün açıq olan və banklarda saxlanılan informasiyaya çıxışın təmin olunması, məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsi, eləcə də mövcud boşluqların aradan qaldırılması üzrə təşəbbüslərin artırılması, bununla bağlı beynəlxalq təcrübələrin öyrənilməsinin davam etdirilməsi, xüsusilə sosial müdafiəyə ehtiyacı olan əhali kateqoriyalarına daha həssas münasibət, əhalinin icra prosesi ilə bağlı maarifləndirilməsi üzrə işlərin intensivləşdirilməsi və digər məsələlər olub. İcra qurumları ilə ictimai təsisatlar arasında ünsiyyət və kommunikasiyanın gücləndirilməsi, icrada olan işlər və onların nəticələri barədə effektiv və innovativ məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi məsələlərinin əhəmiyyəti də vurğulanıb.
Görüşün sonunda müzakirə edilmiş məsələlər üzrə davamlı iş aparılması üçün hər iki tərəfin nümayəndələrindən ibarət işçi qrupun yaradılması ilə bağlı qarşılıqlı razılığa gəlinib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.