CƏMİYYƏT
Məhkum qadınlarla növbəti görüş keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların hüquqi maarifləndirilməsi istiqamətində keçirilən tədbirlərin davamı olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınların problemlərinin öyrənilməsi və həlli məqsədilə onlarla görüş keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə 33 məhkum qadının müraciətləri dinlənilib. Məhkumların aliment məsələləri, ailələrinin sosial müdafiəsi, övladlarının əlillik və sağlamlıq problemləri, həmçinin internat və uşaq evlərində təhsil alan övladlarının problemləri və digər vacib məsələlərlə bağlı ərizə və müraciətlərinə baxılıb.
Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görüləcək.