CƏMİYYƏT


Mehman Axundov: Balıq ehtiyatlarının qorunması üçün ictimai dəstəyin formalaşdırılması vacibdir

Bakı, 9 noyabr, AZƏRTAC

Son dövrlərdə su hövzələrində balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində müsbət işlər görülməsinə baxmayaraq, təəssüf ki, problemlər hələ də mövcuddur. Qanunla Azərbaycana idxalına qadağa qoyulmuş sintetik torların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, satışı və bu torlardan su hövzələrində istifadə davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov deyib.

O Bildirib: “Su hövzələrində balıq ehtiyatlarının qorunması, artırılması, mühafizəsinin gücləndirilməsi və akvakulturanın inkişafı məqsədilə dövlət qurumlarının və ictimaiyyətin birgə fəaliyyətinin təşkil olunması, ictimai dəstəyin formalaşdırılması çox vacibdir. Belə vacib məsələlərin həllində ictimaiyyət kənardan müşahidəçi kimi qalmamalıdır. Əhalidən brakonyerliklə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına, Su Nəqliyyatında Polis İdarəsinə məlumat verməsini xahiş edirik”.

Sivil balıqçılıq qaydalarının təbliğinin və təşviqinin gücləndirməsini brakonyerliyin qarşısının alınmasında bir vasitə olduğunu vurğulayan M.Axundov qeyd edib ki, bu məqsədlə həvəskar balıq ovçularına müxtəlif hövzələrdə yerlər ayrılıb, eyni zamanda, milli park ərazilərində imkanlar yaradılıb. Lakin brakonyerliyin qarşısını qısa müddətdə almaq mümkün deyil. Buna baxmayaraq, təbiətsevərlər, həvəskar balıqçılar, ictimaiyyətin digər nümayəndələri ilə birlikdə qadağan olunmuş vasitələrlə ov edənlərin ictimai qınağa tutulması, sivil balıq ovlanmasının nümayişi və təbliği ilə problemin tədricən həllinə nail olmaq mümkündür.

Bu ildən etibarən sənaye balıq ovu kvotalarının alınmasının “ASAN xidmət”ə keçdiyini bildirən departament direktoru deyib: “Artıq məmurla vətəndaşın birbaşa ünsiyyəti yaranmır. Vətəndaş “ASAN xidmət”ə müraciət edərək balıq ovu kvotalarını əldə edə bilir. Bu da, öz növbəsində şəffaflığa və kvotaların daha tez əldə olunmasına səbəb olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.