SİYASƏT


Mehman İsmayılov: Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü Azərbaycanın ciddi diplomatik qələbəsidir

Bakı, 28 oktyabr, AZƏRTAC 

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü böyük uğurla başa çatdı. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin sədrliyi ilə Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Bu, beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda nüfuzunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov deyib.

Mehman İsmayılov qeyd edib ki, XVIII Bakı Zirvə Görüşü dünya miqyaslı tədbirdir. İki gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisə olan Zirvə Görüşündə beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi tədbir idi. Zirvə Görüşündə 159 nümayəndə heyəti dövlət və hökumət başçıları, parlament sədrləri, xarici işlər nazirləri və digər yüksək səviyyələrdə təmsil olunmuşdu. Həmçinin BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının prezidenti Sammitdə iştirak etmək üçün Azərbaycana səfər etmişdilər. Dövlətimizin başçısı İlham Əliyev 120 dövləti, 38 müşahidəçi, qonaq dövləti və beynəlxalq təşkilatları özündə birləşdirən XVIII Zirvə toplantısına yüksək diplomatik peşəkarlıqla sədrlik etdi. Azərbaycan Prezidenti Zirvə Görüşündə söylədiyi nitqdə Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Həmçinin ölkəmizin son on beş ildə siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatında sədrlik dövrü üçün ölkəmizin əsas prioritetlərini də açıqladı və qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracağını qeyd etdi. Ölkəmizin Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafın və ədalətin təmin olunması üçün var gücü ilə çalışacağını qeyd etdi. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Qoşulmama Hərəkatının Zirvə Görüşü dünya dövlətləri ilə Azərbaycanın ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev dünya dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə 20-dən çox görüş keçirdi.

Mehman İsmayılov bildirib ki, Zirvə Görüşü Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Toplantıda Ermənistan 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı, Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə edildi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüfləndiklərini bildirdilər və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini qeyd etdilər. Dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycanın ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Həmçinin daha bir mühüm məqam Zirvə Görüşündə qəbul edilmiş sənədlərdə Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyin yüksək qiymətləndirilməsidir. Azərbaycan Respublikası tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma qismində irəli sürülmüş “Bakı Prosesi” kimi milli, regional və qlobal təşəbbüslərin sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasına töhfəsi yüksək dəyərləndirildi.

Dövlət və hökumət başçıları Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən və Azərbaycanda gördükləri qonaqpərvərlikdən də razılıqlarını bildirdilər. Onlar Zirvə Görüşünün uğurlu keçməsi üçün sərgilədiyi liderliyə görə Azərbaycan Prezidentini təbrik etdilər.

Beləliklə, Azərbaycan daha bir mötəbər tədbirə uğurla ev sahibliyi etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.