İQTİSADİYYAT


Mehmet Uylukcu: “Şərq-Qərb” nəqliyyat dəhlizinin inkişafı Azərbaycandan asılıdır

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) dəvəti ilə Azərbaycana səfər edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqının (BSEC-URTA) prezidenti Mehmet Uylukcunun rəhbərlik etdiyi nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmiləri ilə görüş keçirib.

ABADA-dan AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi Azərbaycanın mövcud nəqliyyat-logistika imkanlarını müzakirə etmək, Azərbaycan üzərindən yükdaşımaların icrası üçün görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq olub.

Mehmet Uylukcu deyib ki, mövcud geosiyasi vəziyyətdə yeni nəqliyyat koridorlarının işlənməsi prosesində Azərbaycan strateji ölkəyə çevrilib.

“Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazırdır. Hazırda əsas hədəflərdən biri elektron xidmətlərin Azərbaycanda tətbiq edilməsidir ki, bu səfərimizdə də bununla bağlı müzakirələr aparıldı. Təminatlı yükdaşımaların təşkili üçün isə ABADA ilə strateji əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”, - deyə təşkilatın rəhbəri vurğulayıb.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Türkiyə və Yaxın Şərq üzrə daimi nümayəndəliyinin rəhbəri Erman Ereke Zəngəzur koridorunun açılmasının bütün region üçün faydalı olacağını bildirib. Onun sözlərinə görə, bu marşrut alternativ və yeni istiqamət olduğundan yükdaşımaların həcminə kifayət qədər təsir edə bilər: “Zəngəzur dəhlizi “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin tam kəsişmə məntəqəsi sayılır. Bu dəhlizin işə düşməsi ilə Türkiyə üzərindən İraq, Suriya və Aralıq dənizinin cənub limanlarına yükdaşımların həcmi artacaq. Hazırda Türkiyə ilə Orta Asiya ölkələri arasında orta hesabla illik 110-120 min TIR dövriyyəsi var. Bu dövriyyə də artmaqdadır. Fikrimcə, Zəngəzur dəhlizinin açılması, Azərbaycanın bir neçə proseduru sadələşdirməsi ilə bu dövriyyənin yarıdan çox hissəsi buradan keçə bilər”.

Səfər çərçivəsində ABADA ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqı arasında yeni təminat sistemin tam tətbiqi ilə bağlı razılıq əldə edilib. Rəsmi görüşlərdən sonra nümayəndə heyəti Rusiya ilə sərhəd-keçid məntəqələrinə baş çəkiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.