“Məhsul” həndbol komandası “Bakı”ya qalib gəlib
AzerTAg.az
Bakı, 16 dekabr, AZƏRTAC
Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar olub.
AZƏRTAC xəbər verir ki, səkkizinci turun ilk oyununda U-18 və “Təhsil” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş nominal qonaqların qələbəsi ilə nəticələnib. Çempionatın autsayderi olan “Təhsil” çox çalışsa da, növbəti məğlubiyyətdən qurtula bilməyib - 24:27.
Günün ikinci görüşü - “Məhsul”–“Bakı” daha böyük maraqla gözlənilirdi. Bu tur ərəfəsində eyni xala malik olan rəqiblərin oyunu gərgin idman mübarizədən xəbər verib. Bu cür düşünənlər yanılmayıblar. Çempionluğa əsas namizədlərin növbəti duelində də azarkeşlər maraqlı idman tamaşasının şahidi olublar. Qarşılıqlı hücumlardan daha səmərəli faydalanan “Məhsul” görüşü qələbə ilə başa vurub – 28:25.
Əsas rəqibi üzərində qələbə qazanan “Məhsul” 14 xalla turnir cədvəlinin lideridir. “Bakı” 12 xalla ikinci yerdə qərarlaşıb. “Təhsil” 3 xalla üçüncü pillənin sahibidir. U-18 komandasının aktivində isə cəmi 1 xal var.
Dekabrın 21-də keçiriləcək doqquzuncu turun oyunlarında “Məhsul” U-18 komandasını, “Bakı” isə “Təhsil”i sınağa çəkəcək.

Xəbərin mətnində orfoqrafik səhv var