REGİONLAR


Məhsul istehsalçılarının qarşılaşdıqları çətinliklər “Aqrolizinq”in əməkdaşlarının iştirakı ilə müzakirə edilib

Yevlax, 3 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərindəki Heydər Əliyev Sarayında keçirilən növbəti görüşdə Yevlax, Ağdaş, Goranboy, Göyçay və Ucar rayonlarından olan fermerlər iştirak edib. Görüşdə “Aqrolizinq”in əməkdaşları tərəfindən “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi”, “10 illik lizinqli satış və 40 faiz güzəşt”, “Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti. Gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması” mövzularında çıxışlar olub. Həmçinin “Aqrolizinq” ASC və fermerlər arasındakı münasibətlərin elektronlaşdırılması, “elektron hökumət” portalında xidmətlər barədə interaktiv təqdimat edilib.

Sonra ödənişlərin daha rahat və vaxt itkisi olmadan aparılması üçün inteqrasiya ödəniş sistemləri barədə məlumat verilib. Bildirilib ki, “asan ödəniş” sistemi ilə aparılmış inteqrasiyanın nəticəsi olaraq cəmiyyətin xidmətlərinə görə ödənişlərin ölkə üzrə bütün “E-manat” və “Milli-ön” ödəniş terminalları vasitəsilə həyata keçirilməsi mümkündür.

Təqdimat zamanı, həmçinin aqrotexniki xidmətlərdən yararlanmaq üçün fermerlərin mobil tətbiq üzərindən sifarişlərin verilməsi layihəsi barədə də ətraflı bəhs olunub və layihə ilə bağlı auditoriyada sorğu aparılıb.

Tədbirdə sahibkarların, fermerlərin və məhsul istehsalçılarının qarşılaşdıqları çətinliklər və onların həll yolları müzakirə edilib. Mineral gübrələrlə və pestisitlərlə, texnikalarının ehtiyat hissələri ilə təminat kimi məsələlərin həlli ilə bağlı təkliflər dinlənilib. Sonra region üzrə 20 vətəndaşa səyyar xidmət olaraq güzəşt müqavilələri təqdim edilib.

“Aqrolizinq” ASC respublikanın bütün regionlarına kənd təsərrüfatının, eləcə də pambıqçılığın inkişafı ilə bağlı yeni texnikaların bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir. Cəmiyyət yarandığı 2005-ci ildən etibarən Yevlax, Ucar, Ağdaş, Goranboy, Göyçay rayonlarından olan 748 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 33 milyon 820 min 669 manat təşkil edən 1885 ədəd kənd təsərrüfatı texnikaları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.