ELM VƏ TƏHSİL
Məhsuldar qat çöküntülərinə dair tədqiqatların aparılmasına ehtiyac yaranıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda ölkəmizdə məhsuldar qat çöküntülərinin genezisi və paleocoğrafiyası haqqında yeni məlumatlara dair Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, geologiya-mineralogiya elmləri doktoru Çingiz Xəlifəzadə məruzə ilə çıxış edərək mövzu üzrə apardığı tədqiqatların nəticələrindən danışıb. Alim bildirib ki, ölkəmizdə məhsuldar qat çöküntülərinin paleocoğrafiyası və genezisinin aydınlaşdırılmasında bir sıra Azərbaycan və rus alimlərinin müstəsna rolu olub. Bu problemlə bağlı son zamanlar Qərb ölkələrinin aparıcı tədqiqatçılarının məqalələri nüfuzlu elmi jurnallarda dərc edilib. Ancaq buna baxmayaraq məhsuldar qat çöküntülərinin paleocoğrafiyasının və genezisinin aydınlaşdırılmasında bir sıra qaranlıq məsələlərin qalması ilə əlaqədar kompleks geofiziki tədqiqatların aparılmasına ehtiyac yaranıb.
Seminarda son 20 ildə məhsuldar qat çöküntülərinin paleocoğrafiyası və genezisi üzrə aparılmış kompleks geofiziki tədqiqatların nəticələrinə dair məlumat verilib.