CƏMİYYƏT


Məişət obyektlərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 28 iyun, AZƏRTAC 

Məişət obyektlərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı kafelərin birindən üç soyuducu, üç elektrik sobası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Murad Ağayev və əvvəllər oğurluğa görə məhkum olunmuş, həmçinin borclu şəxs qismində axtarışda olan Rasim Abdulrəhmanov olduqları müəyyənləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayondakı çay evlərinin birindən 1700 manat pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı sakini Həsən Babayev və Ağdam rayon sakini Cəsarət Əliyev tutulublar.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən mağazaların birindən dəmir qapı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa və qəsdən sağlamlığa az ağır zərər vurmaya görə məhkum olunmuş Akif Cabbarov saxlanılıb. Həmin şəxsin ətrafında aparılan tədbirlər nəticəsində onun şəhərdə iki həyətdən su sayğacı, bir zirzəmidən isə kondisioner oğurlaması da müəyyənləşdirilib.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.