İQTİSADİYYAT
Məişət soyuducularının idxalı azalıb
Bakı, 23 noyabr, AZƏRTAC
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 31,5 faiz, paltaryuyan maşınlar 5,5 faiz, mebellər 25,2 faiz, məişət soyuducuları isə 0,2 faiz azalıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 10 ay ərzində hesablama maşınları, blok və qurğularının idxalında 26,3 faiz artım müşahidə olunub.
Hesabat dövründə idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.