İQTİSADİYYAT
Məişət soyuducularının idxalı azalıb
Bakı, 25 yanvar, AZƏRTAC
Ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 32,9 faiz, paltaryuyan maşınlar 7,3 faiz, mebellər 25 faiz, məişət soyuducuları isə 11,2 faiz azalıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 11 ay ərzində hesablama maşınları, blok və qurğularının idxalında 17,1 faiz artım müşahidə olunub.
Qeyd edək ki, idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.