CƏMİYYƏT


Məişət tullantılarının kənar yerlərə atılması hallarına qarşı tədbirlər davam etdirilir

Bakı, 19 aprel, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin ötən üç ayında respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266-cı (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), 234-cü (sənaye və məişət tullantılarının toplanması, yandırılması nəticəsində atmosfer havasının çirklənməsi) və 244-cü (Torpaqların (meşəfondu torpaqların) zibillənməsi və korlanması) maddələrinin tələblərini pozmuş 174 fiziki, hüquqi və vəzifəli şəxs müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq olunan cərimələrin məbləği 9 min 600 manat təşkil edib.

Eyni zamanda, şəhər, rayon polis orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275-ci (ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) və 521-ci (məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 202 fiziki, hüquqi və vəzifəli şəxs müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara 28 min 967 manat məbləğində cərimələr tətbiq olunub.

Bu istiqamətlərdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.