SİYASƏT
Məişət zəminində baş vermiş bir cinayət hadisəsinin etnik kontekstdə ictimailəşdirilməsi narahatlıq doğurur
Bakı, 18 oktyabr (AZƏRTAC). Moskvada qətl hadisəsi törətdiyi ehtimal olunan Azərbaycan vətəndaşı Orxan Zeynalova münasibətdə təqsirsizlik prezumpsiyasının tələbləri pozulmuşdur və məişət zəminində baş vermiş bir cinayət hadisəsinin etnik kontekstdə ictimailəşdirilməsi narahatlıq doğurur.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlamasında bildirmişdir.
N.İbrahimov demişdir: “Hesab edirəm ki, Azərbaycan dövlətinin və ictimaiyyətinin narahatlığı tamamilə təbiidir. Lakin çox təəssüf hissi ilə vurğulayıram ki, bu qədər böyük ajiotajın yaradıldığı, kütləvi informasiya vasitələrində azərbaycanlılar əleyhinə açıq-aşkar kampaniyanın aparıldığı bir vaxtda bəzi diaspor təşkilatlarının, konkret olaraq Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatı (AzərRos) və özünü Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı adlandıran qurumun nümayəndələrinin mövqeyi anlaşılmazdır.
Bir daha xatırlatmağı zəruri bilirik ki, bu təşkilatların rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu Rusiyanın müvafiq dövlət orqanları, kütləvi informasiya vasitələri ilə çox yaxşı əlaqələrə malikdirlər. Ancaq nədənsə zərurət yarandığı bir məqamda bu əlaqələrdən azərbaycanlıların maraqlarının müdafiəsi üçün istifadə etməyə lüzum görmürlər. Əksinə, bu təşkilatların rəhbərliyində təmsil olunan, azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətlə fəaliyyət göstərəcəyini bəyan edənlərin bəziləri, o cümlədən Rüstəm İbrahimbəyov kimi şəxslər sadəcə mətbuata açıqlama verməklə kifayətlənir. Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlandıran qurumun yaradılmasının əsas təşəbbüskarlarından biri olan AzərRosun keçmiş rəhbəri Söyün Sadıqov isə yenidən baş verənləri siyasiləşdirərək, Azərbaycan dövlətini və Rusiyada yaşayan sadə azərbaycanlıları ittiham etməyə çalışır. Bu cür mövqe Azərbaycan ictimaiyyətində də haqlı olaraq müəyyən suallar doğurur. Son hadisələr Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasının Azərbaycanın milli maraqları baxımından tamamilə əhəmiyyətsiz təşəbbüs olduğunu bir daha sübut etdi. Hesab edirəm ki, yaranmış vəziyyətdə özünü həqiqətən azərbaycanlı hesab edən hər bir kəs azərbaycanlı icmasının maraqlarını müdafiə etmək üçün çalışmalıdır, real iş görməlidir, məsuliyyətsiz bəyanatlar verməklə məşğul olmamalıdır”.
N.İbrahimov xatırlatmışdır ki, Dövlət Komitəsində Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirmə işini gücləndirmək məqsədi ilə işçi qrup yaradılmışdır. Bundan başqa, Komitə soydaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək vermək, Azərbaycan icması ilə yerli xalq arasında qarşılıqlı dialoq mühitini inkişaf etdirmək üçün Rusiya hökuməti ilə bəzi birgə layihələr də həyata keçirməyi planlaşdırır. Bu barədə ilkin razılıq əldə olunmuşdur. Hesab edirik ki, bu cür birgə tədbirlər Azərbaycan icması ilə Rusiya cəmiyyəti arasında əlaqələrdə müsbət istiqamətdə inkişafa təkan verəcəkdir və ölkələrimiz arasındakı münasibətlərin ruhuna da uyğundur.