SİYASƏT
“Məkkə” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
Qahirə, 10 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Məkkə” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin müəllifi olduğu “Heydər Əliyev: Müasir Azərbaycanın banisi” sərlövhəli məqalədə xalqımız tərəfindən anadan olmasının 99-cu ildönümü qeyd edilən dahi siyasətçinin həyatı və zəngin siyasi fəaliyyətindən bəhs olunur. Müəllif qeyd edir ki, bu gün Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqın həmrəyliyi və milli ideya ətrafında birləşməsi Ulu Öndərin adı ilə bağlıdır. “Heydər Əliyev həmişə öz Vətəninə sadiq bir insan olub, öz xalqı ilə birlikdə bütün çətinlikləri dəf edərək Azərbaycanı nüfuzlu, davamlı inkişaf edən bir dövlətə çevirib. Onun müdrik rəhbərliyi ilə ölkə taleyüklü problemləri aşa bilib, müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayıb”, - deyə yazıda vurğulanır.
Müəllif dahi siyasətçinin müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri ilə sıx əməkdaşlıq qurulması, o cümlədən ərəb-İslam dünyası ilə əlaqələrin möhkəmlənməsində xidmətlərindən bəhs edib. O diqqətə çatdırıb ki, Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan regionun lider dövlətinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlətimizin başçısının düşünülmüş və qətiyyətli addımları nəticəsində 44 günlük müharibədə böyük Zəfər qazanılıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Məqalənin sonunda qeyd olunub ki, Səudiyyə Ərəbistanı ilə müstəsna əlaqələr də 1994-cü ildə krallığa rəsmi səfər etmiş Heydər Əliyevin xarici siyasət kursunun nəticəsidir və bu əməkdaşlıq artıq öz bəhrəsini verir.