CƏMİYYƏT


Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə hədiyyə edən Azərbaycan Prezidenti tarixi-mənəvi nümunə göstərdi

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri çərçivəsində Ağdam məscidini ziyarət etməsi bir sıra məqamlar baxımından mənəvi və siyasi mesaj oldu. Birincisi, Ermənistan Qarabağda mövcud olan 67 məsciddən 63-ünü tamamilə yerlə-yeksan edib. Məhz Ağdam məscidi dağıdılmamış və beynəlxalq təzyiq hesabına, sadəcə, divarları da olsa, salamat qalmış 4 məsciddən biridir. İkincisi, Ağdam məscidi 1992-ci ildə Xocalı soyqırımında sağ qalan xocalılıların ümid, pənah yerinə çevrilmiş məkan idi. Üçüncüsü, Ağdam məscidini ziyarət zamanı yaşanmış tarixi anlar dini-mədəni dəyərlərimizə sahibliyimizi bir daha isbatladı. Dördüncüsü, məscidlərimizdə donuz saxlayan, müqəddəs dini ocaqlarımızı təhqir edən Ermənistanın barbar və vandal əməllərinə baxmayaraq, onunla yaxın münasibətlər qurmaq istəyən müsəlman ölkələrinə ermənilərin əsl simasını, xislətini nümayiş etdirdi. Beşincisi, bütün dünya əyani şəkildə gördü ki, Ermənistan İslam dini abidələrinə hücum etməklə barbarlığı, vandalizmi milli ideologiyaya çevirib.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayan, erməni vandalizminin şahidi olmuş məscidə ayaqyalın daxil olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tarixi-mənəvi nümunə göstərdilər. “Prezident İlham Əliyev 4 dəfə Məkkə ziyarətində olub. Məhz Ağdam məscidi qarşısında çıxış edərkən dövlətimizin başçısı bildirdi ki, Məkkə ziyarətində olarkən, Kəbədə namaz qılarkən birinci duası torpaqlarımızın işğaldan azad edilməsi olub. Müzəffər Ali Baş Komandan xoşbəxt insan kimi etiraf edir ki, Allah ona istədiyi gücü verib və 30 ilə yaxındır işğal altında olan tarixi torpaqlarımızı xalqla birlikdə azad edib”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, dini-mənəvi dəyərlərə yüksək diqqətlə yanaşan bir Prezidentin rəhbəri olduğu multikultural Azərbaycana indi guya işğaldan azad olunan ərazilərdəki kilsələrin, xristian dininə məxsus abidələrin təhlükə altında olması ilə bağlı iftiralar atırlar.

“Çox maraqlıdır ki, Azərbaycanı qondarma məsələlərdə ittiham edənlərin Ermənistanın İslam dini abidələrini, məscidləri təhqir edərkən, dağıdarkən, talan edərkən nəyə görə səsləri çıxmırdı? Yaxud Azərbaycana iftira atanlar məgər bilmirlərmi ki, Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi, Müqəddəs Sebastian, Marçellinio və Pietro katakombaları, Bakıdakı Pravoslav kilsəsi, Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi, “Cotari” Alban-udi kilsəsi Azərbaycan Prezidentinin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilib? Görmürlərmi ki, Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ucaldılıb? Eşitməyiblərmi ki, Heydər Əliyev Fondu Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib? Axı, bütün dünya bilir ki, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa edilib. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda, məbədin fasadında keramik panno yerləşdirilib. Bu cür faktlar ortada olarkən Azərbaycanı hansı məntiqlə şərləmək olar? Çox maraqlıdır ki, Azərbaycanın xristian abidələrinin bərpasına verdiyi töhfələr məhz bu gün ölkəmizi absurd iddia ilə ittiham edən siyasətçilərin və ictimai xadimlərin ölkələrinə aiddir. Həm də çox qəribədir ki, onlar Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirilin, Roma Papası Fransiskin Bakıda olarkən Azərbaycanı tolerantlıq, multikulturalizm məkanı kimi dəyərləndirmələrini də eşitməyiblərmi? Ümumiyyətlə, təhlillər onu göstərir ki, bu gün erməni lobbisinin təsirində olan bəzi siyasətçilər və ictimai xadimlər əslində xristian abidələrinin taleyi ilə maraqlanmırlar. Onlar sadəcə Ermənistanın tarixi məğlubiyyətini həzm edə bilmirlər və bu səbəbdən də qisas məqsədilə şər, böhtan atırlar. Yaxşı olar ki, həmin qruplar Ermənistanın Azərbaycana qarşı törətdiyi mədəni, ekoloji terroruna, qətliamlarına, soyqırımlarına diqqət etsinlər, həqiqəti görsünlər”, - deyə S.Vəliyeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.