SİYASƏT


Meksika Milli Avtonom Universitetinin tələbələri üçün Azərbaycan haqqında təqdimat keçirilib VİDEO

Vaşinqton, 7 iyun, AZƏRTAC 

Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük universiteti olan Meksika Milli Avtonom Universitetinin (UNAM) beynəlxalq münasibətlər fakültəsinin tələbələri üçün bu ölkədəki səfirliyimiz tərəfindən Azərbaycan haqqında təqdimat keçirilib.

1551-ci ildə yaradılmış UNAM dünyanın yüz ən yaxşı ali təhsil müəssisəsi siyahısına daxildir və eyni zamanda, Latın Amerikasının ən yaxşı universiteti hesab edilir. UNAM dünyada ən böyük kampusa malikdir. Onun binası UNESCO-nun Dünya İrsi Obyektləri Siyahısına daxildir.

Tədbir zamanı Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov qonaqlara ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verib. O, Şərqin ilk demokratik respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin bu il Azərbaycan xalqı tərəfindən təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

Diplomat Azərbaycan xalqının hələ yüz il öncə mütərəqqi və qabaqcıl düşüncə nümayiş etdirərək bütün vətəndaşların, o cümlədən qadınların bərabər hüquqlarının təmin olunduğu müstəqil, demokratik və dünyəvi dövlət qurduğunu bildirib. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra üzləşdiyi çətinliklərə, xarici təcavüzə, əhalisinin Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına baxmayaraq, bütün sahələrdə əldə etdiyi sürətli inkişaf barədə danışıb, Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu, regionun liderinə çevrildiyini vurğulayıb. Bildirib ki, bütün bunlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik, uzaqgörən və ardıcıl siyasəti nəticəsində nail olmaq mümkün olub.

Azərbaycanın təşəbbüsü ilə qlobal miqyaslı iqtisadi layihələrin uğurla reallığa çevrildiyinə toxunan müvəqqəti işlər vəkili Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru xətləri, Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Cənubi Qaz Dəhlizi, onların region ölkələrinin rifahı, Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə danışıb. Bu layihələrin regionun enerji və nəqliyyat xəritəsini dəyişdirdiyi vurğulanıb.

Azərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin yüz illər ərzində heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən diplomat ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqət barədə məlumat verib. Bunun nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyi diqqətə çatdırılıb.

Diplomat son zamanlar Azərbaycanın turistlər üçün daha da cəlbedici olduğunu, ölkəmizdə müxtəlif dünya miqyaslı tədbirlərin böyük uğurla keçirildiyini bildirib, Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədlər sırasında olduğu vurğulayıb. O, Azərbaycanda turizm infrastrukturunun sürətlə inkişaf etdiyini söyləyib, “ASAN Viza” sistemindən danışıb.

Tələbələrin suallarını cavablandıran müvəqqəti işlər vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanda xarici tələbələrin təhsil almaq imkanları və s. barədə məlumat verib.

Sonra Azərbaycan barədə videomateriallar nümayiş etdirilib, iştirakçılara müxtəlif nəşrlər paylanılıb.

Qonaqlar ənənəvi çay süfrəsinə dəvət edilib, onlara milli şirniyyatlarımız təqdim edilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.