QAN YADDAŞI


Meksika qəzeti Xocalı soyqırımı haqqında yazıb

Bakı, 13 mart, AZƏRTAC

Meksikanın nüfuzlu “ContraReplica” qəzetində Xocalı soyqırımından bəhs edən “Azərbaycan xalqına qarşı cinayət” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin səfiri Məmməd Talıbovun müəllifi olduğu məqalədə 29 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqqında məlumat verilir, bu amansız qətliam zamanı azyaşlı uşaq və qadınlar da daxil olmaqla, 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və itkin düşdüyü bildirilir. Həmçinin bu faciə barədə həqiqətlərin bir sıra beynəlxalq media qurumları tərəfindən işıqlandırıldığı qeyd olunur.

Ermənistan tərəfinin Xocalını işğal etməkdə məqsədinin təcavüz planının gedişində strateji üstünlük qazanmaq və növbəti işğallar üçün əlverişli imkan yaratmaq olduğu, təcavüzkar dövlətin 1994-cü ilə qədər Dağlıq Qarabağ və 7 ətraf rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və Xocalı soyqırımının bu prosesdəki ən qanlı qətliam kimi tarixə düşdüyü bildirilir. Dinc əhaliyə qarşı misilsiz amansızlığın törədilməsinin Azərbaycan xalqında qorxu yaratmaq məqsədi daşıdığı, soyqırımının əsas təşkilatçılarından olan S.Sarkisyanın Xocalıdakı cinayətlərə dair etirafları diqqətə çatdırılır.

Müəllif Azərbaycanın işğal altındakı ərazilərinin boşaldılmasını tələb edən BMT qətnamələrinə Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə məhəl qoyulmadığını, Minsk qrupu çərçivəsində aparılan danışıqların bu ölkənin destruktiv mövqeyi səbəbindən nəticəsiz qalmasından sonra məhz Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan 44 günlük müharibə nəticəsində ölkəmizin öz torpaqlarını azad etdiyini bildirir. Qeyd olunur ki, Ermənistan rəhbərliyinin qeyri-humanist mahiyyəti və dövlət səviyyəsində terror siyasəti növbəti dəfə özünü göstərib. Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri yenə də mülki insanları hədəfə alıb, hərbi əməliyyatlar bölgəsindən kənarda yerləşən şəhər və qəsəbələrə endirdiyi raket zərbələri nəticəsində yüzlərlə dinc sakin həlak olub və yaralanıb. Erməni vandalizminin azad olunmuş ərazilərimizdə də müşahidə olunduğu, buradakı mülki infrastruktur və Azərbaycana aid tarixi-mədəni abidələrin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyi diqqətə çatdırılır.

Bu faktların fonunda regionda barışığın mürəkkəb olmasına rəğmən, ərazisində 40-a yaxın etnik mənsubiyyətə malik insanların və fərqli dini etiqadların birlikdə barışıq içində yaşadığı və bütün dünyada çoxmədəniyyətlilik ənənələri ilə tanınan Azərbaycanın sülh və əməkdaşlıq prinsipinə sadiq qaldığı, regionda tərəqqinin yeganə yolunun davamlı sülh olduğu, bunun üçün Ermənistanın qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətindən əl çəkməli olduğu qeyd edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.