SİYASƏT
Meksika universitetinin tələbələri “Metsamor” AES-in təhlükələri barədə məlumatlandırılıblar
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanın Meksikadakı səfirliyi bu ölkənin ən böyük ali təhsil ocağı olan Meksika Milli Muxtar Universitetində “Dövlət müstəqilliyinin 25 illiyi və Azərbaycan müasir dövrdə” adlı tədbir keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə üç yüz nəfərə yaxın tələbə və müəllim iştirak edib.
Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Azərbaycan xalqının öz müstəqilliyini əldə etmək üçün apardığı mübarizədən, son 25 il ərzində ölkəmizdə həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlərdən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Daha sonra müasir dövrün ən böyük problemlərindən biri olan nüvə təhlükəsizliyindən bəhs edən Mehriban Səmədova bildirib ki, atom energetikasının inkişafı bəşəriyyət üçün faydalı olmaqla yanaşı, bu enerji növü ilə ehtiyatsız davranma, ondan qərəzli istifadə və nəzarətsizlik kimi hallar çoxsaylı tələfatlara səbəb ola bilər. Buna əyani sübut kimi, o, “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətindən bəhs edib. Müvəqqəti işlər vəkili deyib: “1994-cü ildə qəbul olunan, Ermənistanın da qoşulduğu “Nüvə təhlükəsizliyi haqqında” Konvensiyanın 14-cü maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər nüvə qurğuları istismara verilməzdən əvvəl və istismar dövründə qurğunun təhlükəsizliyini hərtərəfli qiymətləndirməli və qiymətləndirmənin nəticələri, radiasiya təhlükəsizliyi normativlərinin vəziyyəti barədə hesabatlar təqdim etməlidirlər. Lakin Ermənistan hökuməti bu tələblərə riayət etməkdən boyun qaçıraraq uzun illər ərzində mənəvi və fiziki aşınmaya məruz qalmış bu ölümsaçan obyektin istismarını davam etdirməkdədir”.
M.Səmədova bildirib ki, Ermənistanda atom elektrik stansiyasının mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır. Ermənistanın dənizə çıxışı olmadığı üçün qonşu Gürcüstan ərazisindən tranzit kimi istifadə olunur. Lakin cinayətkarlar yaxalanaraq Ermənistana təhvil verilən zaman onlar haqqında heç bir tədbir görülmür. Cəzasızlıq isə insanlıq əleyhinə yeni cinayətlərə şərait yaradır. Odur ki, müasir dövrdə bu qlobal təhlükənin qarşısının alınması üçün yeganə çıxış yolu dünyanın bütün tərəqqipərvər qüvvələrinin səylərini artırmasındadır.
Daha sonra auditoriyanı maraqlandıran və əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı suallar cavablandırılıb.