DÜNYA
Meksikada COVID-19 əleyhinə vaksinləmə uğurla aparılır
Madrid, 18 fevral, AZƏRTAC
Meksika hökuməti COVID-19 pandemiyası nəticəsində iqtisadiyyat və səhiyyə sahələrində yaranmış böhrandan çıxış yolu axtarır.
AZƏRTAC xəbər verir ki, ölkə hökuməti 234 milyon dozadan çox beş müxtəlif adda (“AstraZeneca”, “Pfizer”, “Sputnik V”, “Sinovac” və “CanSino”) vaksin almaq niyyətindədir. Tarixdə ən irimiqyaslı kütləvi immunlaşdırılma kampaniyası ərəfəsində ölkə qarşısında 117 milyon insanın pulsuz peyvənd edilməsi məsələsi durur.
Bu günədək Meksikada təxminən 750 min sakin koronavirus əleyhinə vaksinin birinci dozasını alıb. 623 min tibb işçisinə “Pfizer” vaksinindən birinci doza vurulub ki, bu da ölkədə peyvəndlənənlərin ümumi sayının 14 faizini təşkil edir.
Hökumət 60 yaşdan yuxarı təqribən 15 milyon nəfərin və bütün tibb personalının martın sonunadək vaksinlənməsini planlaşdırır.
Qeyd edək ki, 19 milyon əhalisi olan və 35 milyon doza vaksinin alınması barədə sazişlər bağlamış Çili vaksinləmə üzrə Latın Amerikasında liderdir. Çilidə fevral ayının əvvəlindən bu günədək peyvənd olunanların sayı milyon nəfəri ötüb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid