CƏMİYYƏT


Meksikanın Azərbaycandakı səfiri Respublika Seysmoloji Xidmət Mərkəzində olub

Bakı, 7 oktyabr, AZƏRTAC

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores oktyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonağı mərkəzdə görülən işlər və aparılan tədqiqatlar barəsində məlumatlandırıb. Bildirilib ki, hazırda mərkəzin respublika ərazisində 84 seysmik stansiyası fəaliyyət göstərir. Bundan başqa, mərkəz tərəfindən kompleks geofiziki, geodinamiki, geoloji tədqiqatlar da aparılır. Qonağın diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi seysmoloji tədqiqatların aparılması sahəsində Meksikanın Milli Muxtar Geofizika Universiteti ilə əməkdaşlıq etməyə hazırdır. Həmçinin tərəflər birgə beynəlxalq layihələrdə iştirak edə bilərlər. Meksikada seysmik stansiyaların quraşdırılmasına Azərbaycan seysmoloqları dəstək də verə bilərlər.

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores isə deyib ki, Azərbaycan seysmoloqlarının apardığı tədqiqatları diqqətlə izləyir və öz ölkəsi ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın qurulmasında çox maraqlıdır. Meksikanın Milli Muxtar Geofizika Universitetinin seysmologiya sahəsi ilə məşğul olduğunu qeyd edən diplomat “hesab edirəm ki, ikitərəfli əlaqələrin yaranmasından biz çox şey əldə edə bilərik”, - deyib. Azərbaycanda seysmologiya sahəsinin ən yüksək səviyyədə inkişaf etdiyini bildirən diplomat azərbaycanlı seysmoloqların təcrübələrini meksikalı həmkarları ilə bölüşməsindən məmnun ola biləcəklərini qeyd edib.

Səfir, həmçinin mərkəz tərəfindən palçıq vulkanlarının seysmik stansiyalar vasitəsilə öyrənilməsinə başlanmasına toxunaraq, bunun unikal və kifayət qədər maraqlı iş olduğunu deyib.

Görüşdə qonağa bu il sentyabrın 19-da Meksikada baş verən zəlzələnin RSXM-nin stansiyaları tərəfindən qeydə alınmış yazısı, eləcə də seysmik stansiyalarının iş prosesinə aid məlumatlar da təqdim olunub.

Görüş başa çatdıqdan sonra səfir RSXM əməkdaşları ilə birgə ətrafında seysmik stansiya quraşdırılmış palçıq vulkanına səfər edib. Qonağa seysmik stansiyalar vasitəsilə palçıq vulkanlarının dinamikasını izlənilməsi və bu istiqamətdə aparılacaq tədqiqatlar haqqında geniş məlumat verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.