SİYASƏT


Meksikanın “El Mundo” jurnalında Azərbaycanın müstəqillik tarixi və Şuşa şəhərinin 270 illiyindən bəhs edən məqalə dərc olunub

Bakı, 29 iyun, AZƏRTAC

Meksikanın nüfuzlu “El Mundo” jurnalında Azərbaycanın müstəqillik tarixi və ölkələrimiz arasında münasibətlərdən bəhs edən məqalə dərc olunub.

Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycanın Müstəqillik Günü, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyi münasibətilə paytaxt Mexikoda keçirilmiş təntənəli tədbir geniş işıqlandırılıb.

Yazıda səfir Məmməd Talıbovun çıxışına istinad edilərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və mövcud olduğu 23 aylıq qısa dövrdə dövlət quruculuğu sahəsində qazandığı uğurlar, Cənubi Qafqaz regionunda demokratiyanın inkişafına mühüm töhfələri haqda ətraflı məlumat verilib. Müasir Azərbaycanın sələfi Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olaraq bu il 28 May – Müstəqillik Gününü fəxarət hissi ilə ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət kimi qeyd etdiyi bildirilib.

Məqalədə Azərbaycanın müstəqilliyin ilk illərində qarşılaşdığı çətinliklərə, xüsusilə qonşu Ermənistanın hərbi təcavüzünə baxmayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə önəmli uğurlara imza ataraq suverenliyini gücləndirdiyi, hazırda isə Prezident İlham Əliyevin dərin düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi vurğulanıb.

Həmçinin qırxa yaxın millətin nümayəndələrinin tarixən sülh və mehribanlıq şəraitində yaşadığı Azərbaycanın zəngin çoxmədəniyyətlilik ənənələri ilə tanındığı, mədəniyyətlərarası dialoqun inkişafında önəmli rol oynadığı, məhz bu səbəbdən ölkəmizin Roma Papası I Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı qeyd olunub.

Yazıda Azərbaycanın 44 günlük Vətən müharibəsində azad etdiyi ərazilərdəki mövcud durum, məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması prosesinin ləngiməsi üçün Ermənistan tərəfindən yaradılmış maneələr, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib. Bu il 270 illik yubileyinin qeyd olunduğu, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan hökuməti tərəfindən aparılan yenidənqurma işləri, orada keçirilən çoxsaylı beynəlxalq mədəni tədbirlərdən bəhs edilib.

Məqalədə bu il Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunduğu, bu müddət ərzində ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.