MƏDƏNİYYƏT


Meksikanın “UNAM” universitetində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Vaşinqton, 21 dekabr, AZƏRTAC 

Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük universiteti olan məşhur Meksika Milli Avtonom Universitetində (UNAM) bu təhsil ocağının ölkəmizin Meksikadakı səfirliyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, meksikalılardan ibarət yerli “Nur Ər Riyad Rəqs Qrupu” tərəfindən Nizami Gəncəvinin ölməz “Yeddi gözəl” poemasının motivləri əsasında hazırlanmış “İpək Yolu” rəqs tamaşası çoxsaylı qonaqlara nümayiş edilib. Tamaşa zamanı “Yeddi gözəl” poemasından parçalar oxunub, orada adıçəkilən məmləkət və dövrün rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən ölkəmizin Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov Azərbaycan mədəniyyətinin meksikalılara təqdim olunması üçün bu imkanın yaradılmasına görə UNAM Universitetinə təşəkkürünü bildirib. O, Azərbaycan ədəbiyyatının xalqımız üçün nadir xəzinə olduğunu qeyd edib. Nizami Gəncəvinin ədəbiyyatımızın ən parlaq nümayəndələrindən olduğunu, onun yaradıcılığının dünya ədəbiyyatında dərin iz qoyduğunu vurğulayıb.

Diplomat Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə uğurlu addımların atıldığını bildirib.

Tamaşa böyük maraqla qarşılanıb.

Müvəqqəti işlər vəkili tədbirin sonunda KİV-lərə ölkəmiz haqqında müsahibə verib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.