MƏDƏNİYYƏT


Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: macəra axtarışında

Bakı, 17 sentyabr, Məmməd Məmmədli, AZƏRTAC

Meksika nəinki dünyanı dolaşan turistlər üçün, eyni zamanda qarışqa yuvasıtək qaynaşan şəhərləri, insan ayağı dəyməyən sahilləri, dağlarda salınmış ecazkar kəndləri, qədim sivilizasiyanın qalıqlarını, eyni zamanda gözəl təbiətini kəşf etmək istəyənlər üçün də çox sevilən füsunkar ölkədir. Meksika səyahətçilərə heç yerdə görə və eşidə bilməyəcəkləri macəralar vəd edir. Ölkə sözün əsl mənasında təzadlı zövqlərin üstünlük təşkil etdiyi əsrarəngiz bir məkandır. Bir tərəfdən adamla dolu çimərliklərdən uzanan cığırlar sizi sakit kəndlərə aparır, digər tərəfdən turistik şəhərlər öz qapılarını rəngarəng tutuquşu və qışqıran meymunlarla dolu meşəliklərə açır. Ecazkar dağların ətəyindən ucu-bucağı görünməyən səhralar başlayır. Beləcə, səyahət müddətində çəkilmiş fotolar xatirələri dostlarla bölüşmək üçün ən unikal vasitədir.

AZƏRTAC Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.

Uasteka Potosina

Uasteka Potosina yamyaşıl, əsrarəngiz meşəliklər və füsunkar şəlalələr məskənidir. Onun gözəl mənzərələri unudulmaz anlar yaşamaq və təzadlı təbiəti ilə barışmaq üçün ideal vasitədir. Uasteka yolunun üstündə turistlərin əyləndiyi ərazi yaxınlıqdakı yaşayış yerlərini, xalqın etnik xüsusiyyətlərini və İspaniya təcavüzündən əvvəl yaranmış adət-ənənələrini öyrənmək, həmçinin düşərgə salmaq üçün əlverişli bir məkandır. Uasteka 3 zonaya bölünür - şimali, mərkəzi və cənubi Uasteka. Burada hansı əyləncələrlə məşğul olmaq mümkündür? Turistlərin ən çox sevdiyi məşğuliyyət Tamulda panqa (qayıq) gəzintisinə çıxmaq, 7 Mikos şəlaləsindən tullanmaq, Xilitla Sürrealist bağında azmaq, Puente de Diosdan suya atılmaq, Tamasoponun təbii hovuzlarında rahatlanmaq, Tamul şəlaləsinə qalxıb-enməkdir.

Bakalar

Kintana Roo ştatının möcüzəli şəhərlərindən olan Bakalar 7 çalarlı balaca gölün yaxınlığında yerləşir. Bu, sualtı gəzinti, yaxud da sadəcə üzmək üçün əvəzsiz bir yerdir. Turistlərin Bakaları ziyarət etməkdə ən böyük maraqları orta əsrlərdə şəhərə girməyə cəhd edən dəniz quldurlarının hücumlarını dəf etmək məqsədilə tikilmiş Fuerte de San Felipe qalasını görməkdir. Onların qalada fəaliyyət göstərən Dəniz Qulduru Muzeyində bu ərazinin tarixini vərəqləmək imkanları da var. Meksikanın Karib adalarında yerləşən bu şəhərdə Çirikote ağacından hazırlanmış əl işlərini tapmaq mümkündür. Bakalar turistlərə hər biri 50 otaqdan ibarət 90 yerdə hotel, butik hotellər, daxma və kənd evləri təklif edir.

İerve el aqua şəlalələri

İerve el aqua qədim Meksika hinduları (zapotekolar) üçün müqəddəs sayılan yer kimi tanınır. İerve el aquanın daşlaşmış şəlalələri Oaxaka şəhərinin heyrətamiz təbii irsidir. Bu şəlalələr min illər boyu yerdən çıxan və minerallarla zəngin olan suların quruması nəticəsində formalaşıb. Dağlardan çıxan təbii bulaq suyu hava ilə təmasda olarkən kalsiləşmə baş verir və damcılayan şam görünüşü yaradır. İlin çox vaxtı bu gölməçələr quruyur. Quru mövsümdə onlar tərtəmiz olur və firuzəyi rəngə çalır.

Xkaret

Bu, yalnız su ilə əhatə olunmuş park, eko-arxeoloji əyləncə yeri deyil, eyni zamanda turistə daha çox şey vəd edən bir ərazidir. Maya cəngəllikləri yeraltı çayların (senote) möhtəşəm Karib dənizi ilə qovuşduğu bir ərazidə yerləşdiyindən turistlər bu mənzərədən böyük zövq ala bilər. Bu yer özünün qeyri-adi təbiət iilə nəinki Meksikanın müasir dövrünü, eyni zamanda qədim, zəngin tarixini əks etdirir. Parkda 50-dən çox təbii və yaradılmış mədəni əyləncə mərkəzləri fəaliyyət göstərir. Səyahətçilərə məsləhət edərdik ki, vaxtlarını yeraltı çayların arasında keçirsinlər, cəngəllikdə gəzsinlər və Karib dənizindən zövq alsınlar. O zaman onlar qədim Maya mədəniyyətinin izləri ilə tanış olacaq, Meksika mətbəxinin nemətlərindən dadacaq və Xkaret təqdimatlarında 300-dən çox artistlə birgə rəqs edəcək və beləliklə, gözəlliklər diyarı olan bu ölkəyə vurulacaqlar.

Edvard Ceyms adına Heykəltəraşlıq bağı - Las pozas

Burda ən maraqlı yerlərdən biri Edvard Ceyms adlı ingilis aristokratının cəngəllik, şəlalə və təbii su hövzələri arasında tikdirdiyi sürrealist heykəltəraşlıq bağıdır. Bu bağı o, öz xəyallarını gerçəkləşdirmək məqsədilə salmışdır. 36 heyrətamiz hissədən ibarət olan tikili Xilitlanın Las pozas bağını təşkil edir. Burada gəzdikcə insan sanki incəsənətlə təbiətin harmoniyasından yaranmış nağıllar aləminə düşür.

Çiçen İtza

Mayalıların Çiçen İtza şəhəri turistlərə Maya sivilizasiyasının bu günədək yaşayan əlamət-izlərini görməyi təklif edir. Cəngəlliklərdə yerləşən bu şəhər Dünya İrsi elan olunub. Çiçen İtza kastiyo deyilən piramidanın pilləkanlarında işıq və kölgənin bir-birini əvəzləməsinə görə məşhurdur. Əyləncəli məşğuliyyətlərdən biri də Xueqo de Pelotadan keçib, Xanquares məbədinə yan almaq, sonra Kəllə platformasına istiqamət götürüb, günü Hombre Barbado məbədində başa vurmaqdır.

Aqua azul şəlalələri

İndiqo – mavi rəngə boyanan suyu, ətrafı bəzəyən yamyaşıl ağacları, daima əsən mehi və suyun melodiyaya bənzər səsi bu yerləri Meksikanın ən gözəl və unudulmaz cənnət məkanlarından birinə çevirir. Söhbət, bir-birinin ardınca gələn, Çiapaneka cəngəlliklərindəki şəlalələrdən gedir. Bu yerin ən xarakterik cəhətlərindən biri suyun firuzəyi rəngə çalmasıdır. Aqua azul adı da məhz buradan götürülüb. Ən yaxşı və üstün cəhətlərindən biri də odur ki, turistlər şəlalələrin yaratdığı gözəl mənzərələrdən zövq almaqla yanaşı, onun tərtəmiz sularında çimməyə də həvəslənirlər. Onu da qeyd edək ki, ərazi kifayət qədər böyükdür və şəlalələr bir-birindən aralı yerləşir. Buna görə də suya girməzdən əvvəl ərazini gəzib, insanların daha az olduğu yerlərdə günəş şüaları qəbul etmək olar.

Xoçimilko

Mexikonun cənubunda göllərin əhatəsində yerləşən bu şəhər suyun üzərindəki bağları (çinanpa) və qayıq (traxinera) gəzintilərilə məşhurdur. Bu sular qədim zamanlarda Böyük Tenoçtitlan şəhərinin ucaldığı yerdir. Xoçimilko deyəndə insanın xəyalında çinanpa, traxinera, muzeylər, gül bazarları, kilsələr, parklar və meşələr canlanır. Siz bu şəhərdə yolüstü yemək yeyə, ailəniz və dostlarınızla şənlənə, bir mariaçi ilə mahnı oxuya, gözəl mənzərədən zövq ala bilərsiniz. Mexiko şəhərində burdakı kimi ənənəvi şeyləri tapa bilməzsiniz. Siz Xoçimilkoda dükandan çiçək alar, yaxud şəhərin mərkəzinə baş çəkər, oradakı bağlı-bağatlı San Bernardino de Siena kilsəsini ziyarət etmək imkanına da malik olarsınız.

Zokalo de Puebla

Zokalo dostlarla, ailənizlə birgə əylənmək üçün ənənəvi bir yerdir. Burada siz tədbirlərdə iştirak edə, şəhərin əsas cəlbedici yerlərindən sayılan kafe, restoranlarda vaxt keçirə, ağaclar arasında incəsənət əsərlərilə bəzədilən mərkəzi meydanda fotoçəkilişlər apara bilərsiniz. Bu gün Zokalo şəhəri ən çox turist axını olan məkanlardan biri hesab olunur. Puebla əyalətini ziyarət edərkən yaxınlıqdakı Zokalo da nəzərdən qaçıra bilməyəcəyiniz bir yer ola bilər. Şəhəri tez dolanmaq üçün kirayə velosiped götürmək məsləhətdir.

San Migel de Ayende

Quanaxuatoda yerləşən bu müstəmləkə incisi öz daşlı-kəsəkli küçələri, milli üslubda tikilmiş yaraşıqlı kilsələrilə uzun illərdir turistləri özünə cəlb edir. Buranın əhalisinə bələd olduqca, ən simvolik yerlərə baş çəkdikcə, qədim arxitekturalı binaları seyr etdikcə San Migel de Ayendenin nə üçün Meksikanın ən gözəl məkanlarından biri olduğunu anlayacaqsınız. Böyük mədəni irsə malik olan bu şəhər muzeylər ilə də məşhurdur. Bu əsrarəngiz məkanda tapa biləcəyiniz məşğuliyyətlər sırasında mərkəzi parkı, Ignasio Ayende muzeyini, San Migel Arkanxel kilsəsini, Anxela Peralta teatrını, İqnasio Ramirez Mədəniyyət Mərkəzini ziyarət edə bilərsiniz. Şəhəri tanımağın ən gözəl üsulu piyada gəzməkdir. Gəzməyi sevməyən insanlar tramvaydan yararlana bilər. Bu zaman tutacağınız bələdçi keçdiyiniz bütün yerlər haqqında sizə məlumat verəcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.